MƏDƏNİYYƏT
Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir
“ASAN xidmət”, “YARAT” Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam Mərkəzi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti mühazirə oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq doktoru Cəmilə Həsənzadə tərəfindən keçirilib. Mühazirədə Azərbaycan incəsənəti, eyni zamanda dünyadakı incəsənət cərəyanlarından olan impressionizm, postimpressionizm və avanqardizm haqqında ətraflı məlumat verilib.
Dinləyicilərə Klod Mone, Pyer-Oqyust Renuar, Edqar Deqa, Van Qoq, Pol Qogen, Pol Sezan, Anri de Tuluz-Lotrek, Anri Matiss, Vasili Kandinski və digər görkəmli rəssamların dünya mədəniyyətinə töhfələri, əsərlərinin yaranma tarixçəsi haqqında geniş məlumat verilib, bu əsərlərə dair slaydlar nümayiş etdirilib.
Xatırladaq ki, layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur.
Mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.
Layihə müddətində indiyədək 4 mühazirə təşkil olunub və ümumilikdə 500 nəfər iştirak edib.
Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.