SİYASƏT
Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığı müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbüllə görüşündə Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığı, eləcə də hər iki qurum arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, N.İbrahimov son illər güclənən Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətindən danışıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Sədr Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, yalnız bu halda Azərbaycan və türk diaspor təşkilatları arasında əlaqələndirmə daha səmərəli qurula bilər.
Qüdrət Bülbül Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha təsirli olacağına əminliyini bildirib. O, türk dünyasını narahat edən beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqedən çıxış etməyin önəm daşıdığını vurğulayıb. Türkiyəli qonaq tədricən Azərbaycan və türk diasporunun birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətə nail olunduğunu diqqətə çatdırıb. Türk diasporunun Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, Azərbaycan diasporunun isə ermənilərin qondarma “soyqırımı” iddialarına qarşı mübarizədə fəal iştirak etdiyini deyən Q.Bülbül əməkdaşlığın daha da gücləndirilməsinin önəmli olduğunu bildirib.