CƏMİYYƏT
“Azərbaycan vəkili” jurnalının növbəti nömrəsi işıq üzü görüb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş “Azərbaycan vəkili” jurnalının altıncı sayı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalda tanınmış hüquqşünasların və vəkillərin hüquqi yardım almaq və vərəsəliklə bağlı hüquqlar, eləcə də mülki hüquqda presedent hüququ, müasir dünyada müxtəlif azlıqların hüquqları və s. məsələlərlə bağlı məqalələr və müsahibələr toplanıb.
Jurnalda, həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər və hüquq aləmi ilə bağlı digər məlumatlar yer alıb.
“Vəkilin asudə vaxtı” rubrikasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayevin işdən kənar məşğuliyyətləri və hobbiləri haqqında məlumatlar əksini tapıb.
“Sualınıza vəkil cavab versin” rubrikasında isə peşəkar hüquqşünasların müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin təşkilati dəstəyi ilə çıxan jurnalın baş redaktoru Anar Bağırov “Azərbaycan vəkili”nin ölkəmizdə insan hüquqlarının müdafiəsinə dəstək verəcəyinə, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılmasına, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.