İDMAN


Azərbaycan velosipedçisi 300 reytinq xalı qazanıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmiz bir idmançı ilə - keyrin növündə mübarizə aparan Sergey Omelçenko ilə təmsil olunub.

Otuz iki idmançının iştirak etdiyi bu növdə Sergey Omelçenko birinci mərhələni uğurla adlayıb. O, Litva, Fransa, Hollandiya və Belarus təmsilçiləri ilə eyni xətdə yer alıb və hamını qabaqlamaqla qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb.

Finala çıxmaqla medallar uğrunda mübarizə aparmaq üçün Sergey Omelçenkoya yarımfinal yürüşündə cəmi bir neçə santimetr çatmayıb. Polşa, İspaniya, Fransa, həmçinin Çexiyanın 2 idmançısı ilə mübarizənin yekununda ilk üçlükdən kənar qalan təmsilçimiz 4-cü olub və bununla da 7-12-ci yerlər uğrunda yarışmalı olub.

Son yürüşdə Böyük Britaniya və Çexiya idmançılarından geri qalan, amma İspaniya və Yunanıstanın 2 velosipedçisini qabaqlayan S.Omelçenko bununla da Avropa çempionatını 9-cu pillədə başa vurmaqla aktivinə 300 reytinq xalı yazdırıb.

Qeyd edək ki, reytinq xalları idmançımıza gələn ay başlayacaq və 4 mərhələdən ibarət olacaq dünya kuboku yarışlarında iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.