İDMAN
Azərbaycan velosipedçisi “Rio-2016” Olimpiya Oyunlarına ilk lisenziya xalını qazanıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “İzola” Qran-pri yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışda 8 velosipedçi ilə təmsil olunan komandamızın üzvlərindən ən yüksək nəticəni Maksim Averin göstərib. Yığma komandamızın üzvü 160,3 kilometrlik marşrutu qalibdən 1 dəqiqə 14 saniyə sonra başa vurmaqla 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. M.Averin, həmçinin sprinterlərin mübarizəsində ikinci olub.
Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla Olimpiadaya lisenziya xalları toplayırlar.