İDMAN
Azərbaycan velosipedçisi “Rio-2016”ya növbəti lisenziya xalları qazanıb
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” növbəti Avropa turunda mübarizə aparıb. Velosipedçilərimiz avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə başlayan və Sloveniyanın Novo-Mesto şəhərində yekunlaşan birgünlük “Klassik Xorvatiya-Sloveniya” yarışında iştirak ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 kilometr məsafə qət ediblər. “Synergy Baku”nun üzvlərindən beş nəfər - Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarışın qalibi olan Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kumpla eyni vaxtda - 4 saat 5 dəqiqə 6 saniyəyə keçiblər.
Fotofinişə əsasən velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın “Elit” yığma komandasının da şərəfini qoruyan Maksim Averin göstərib. Yarışda yeddinci yer təmsilçimizə “Rio-2016” Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da M.Averinin dörd illiyin zirvə yarışında iştirak etmək üçün topladığı xalların sayı 148-ə çatıb.