SİYASƏT


Azərbaycan veteranları Ermənistan ordusunun növbəti qanlı cinayəti ilə bağlı bəyanat yayıb

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi ilə bağlı iyulun 5-də bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir. Bəyanatda deyilir:

X X X

“2017-ci il iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi və digər istiqamətlərdə törətdiyi aramsız təxribatlar nəticəsində kənd sakinləri Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmaları, Sərvinaz Quliyevanın isə ağır yaralanması ölkə veteranlarının da haqlı qəzəbinə və ciddi narahatlığına səbəb olub.

Dərin təəssüflə bildiririk ki, Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadan cəbhə xəttində müntəzəm surətdə gərginlik yaratması, xüsusilə dinc sakinləri hədəfə almaq siyasəti illərdir davam edir. Təcavüzkar ölkənin hazırkı hərbi-siyasi rəhbərliyinin birbaşa diktəsi, hətta iştirakı ilə reallaşdırılan bu siyasətin acı nəticələri arasında Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı, Kərkicahan, Malıbəyli kimi kəndlərdə həyata keçirilən qanlı qırğınlar, işğal edilmiş 20 faizdən artıq ərazimiz vardır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərar və bəyanatlarına, dünya birliyinin israrlı çağırışlarına baxmayaraq, həmin ərazilər 25 ildən artıqdır ki, işğal altında saxlanılır. Lakin cəbhə xəttində törədilən qanlı təxribatlara görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyi utanmadan Azərbaycan tərəfini günahlandırmaqdan belə çəkinmir, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Biz veteranlar ordusu XXI əsrdə ərazilərin qəsb olunmasına və təcavüzkarlığa əsaslanan siyasətə qəti etiraz edir, Azərbaycan torpaqlarının beynəlxalq səviyyəli sənədlərdə göstərildiyi kimi qeyd-şərtsiz işğaldan azad olunmasını tələb edirik. İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin əldə olunmasında həyatlarını və sağlamlıqlarını əsirgəməyən insanların və onların varislərinin öz torpağında azad və firavan yaşamaq hüququna bütün dünya və beynəlxalq təşkilatlar hörmətlə, anlayışla yanaşmalıdırlar. Bu hüququn təmin olunması yollarından biri də bu gün Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərində işğalçı Ermənistanın törətdiyi təxribatların qarşısının alınmasına və işğalın aradan qaldırılmasına dünya birliyinin və müvafiq beynəlxalq təşkilatların göstərəcəyi təpki, obyektiv və birmənalı münasibətdir.

Azərbaycan veteranları son günlər cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində dinc sakinlərin, xüsusilə körpə uşaqların və qadınların həlak olmasını yolverilməz hesab edir, ATƏT-i və bütün beynəlxalq ictimaiyyəti, o cümlədən qanlı müharibələrdən keçmiş bütün ölkələrin veteranlarını bu cinayətləri qətiyyətlə pisləməyə və işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını Ermənistandan tələb etməyə çağırır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.