CƏMİYYƏT


Azərbaycan veteranları ÜAK ətrafında baş verən hadisələrdən narahatdırlar

Bakı, 12 may, AZƏRTAC 

2001-ci ildə yaradılan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) bu müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların problemlərinin həllində, onların Rusiya cəmiyyətinə inteqrasiyasına nail olunmasında, hər iki xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm işlər görüb.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, bu fəaliyyətin uğurla həyata keçirilməsində Rusiyanın müvafiq dövlət orqanlarının konqresin fəaliyyətinə göstərdikləri dəstəyin də xüsusi rolu olub. Məhz buna görə də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi MDB məkanında, eləcə də dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər diaspor təşkilatları, həmçinin digər ictimai birliklər tərəfindən təəccüblə qarşılanıb. Həmin ictimai təşkilatların rəyinə görə, ÜAK daim Azərbaycan-rus xalqları arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və səmərəli iş aparmaqla, ikitərəfli münasibətlərin inkişafına müsbət töhfə verir. Uzun illər ərzində səmərəli iş aparan konqresin fəaliyyətinə yaranmış təhlükənin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi xüsusi narahatlıq doğurur.

Respublika Veteranlar Təşkilatı və Azərbaycanın çoxsaylı veteranları da ÜAK-ın Rusiya azərbaycanlılarının mənafelərinin müdafiəsi və bu ölkə ilə qarşılıqla əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, təşkilat ətrafında baş verənlərdən narahat olduqlarını bildirirlər: “Bizim qənaətimizə görə də, bu xoşagəlməz halın arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr və təşkilatların dayandığı şübhəsizdir. Biz inanırıq ki, Rusiya Federasiyasının müvafiq dövlət orqanları, bu ölkənin Ali Məhkəməsi məsələni lazımınca araşdıracaq və hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK-ın iki xalq arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsindəki rolunu nəzərə alacaq”.

“Rusiyada yaşayan azərbaycanlılar da məsələ ilə bağlı düzgün qərar veriləcəyinə və ÜAK bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə inanırlar. Rusiya Ali Məhkəməsinin qərarının ədalətli və müdrik olacağına bizim də şübhəmiz yoxdur”, - deyə C.Xəlilov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.