MƏDƏNİYYƏT
“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb
AZƏRTAC xəbər verir ki, nəşrin bu nömrəsi Əməkdar İncəsənət Xadimi, jurnalın baş redaktoru, professor Vidadi Muradovun Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli xalçaçılıq tarixindəki rolundan bəhs edən “Azərbaycan xalça sənətinin himayədarı” məqaləsi ilə başlayır.
Xalq Rəssamı Tahir Salahovun əsərlərinin “xalça ömrü”ndən söz açan “Kətandan xalçayadək”, Londonda nəşr olunan nüfuzlu “Halı” jurnalının baş redaktoru Ben Evansla müsahibə, 4 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xalça sexindən reportaj və digər materiallar rəngarəng fotoşəkillərlə birlikdə təqdim olunub.
Jurnalda “Azər-İlmə”nin tədqiqat qrupunun Bakının Qobu və Ağsu rayonunun Dilman, Hacman, Xatman, Kalva və Suraxanı kəndlərinə ekspedisiyasını əks etdirən materiallar da yer alıb.
Nəşrin yeni nömrəsindəki, “Naxışı gözəl...” məqaləsi görkəmli alim Xudu Məmmədovun Azərbaycan xalçaçılığına dair araşdırmalarından, onun bu qədim el sənətinə bağlılığından bəhs edir.
“Azər-İlmə”nin dünya muzeylərində saxlanılan xalçalarımıza dair tədqiqatlarının nəticələri “Azərbaycan xalçaları “Metropoliten” muzeyində” adlı materialda təqdim olunub.