MƏDƏNİYYƏT
Azərbaycan xalq nağılları uşaqların gözü ilə
Bakı, 26 may, Flora Şükürova, AZƏRTAC
Mayın 26-da “İnkişaf və dünya” İctimai Birliyinin təşəbbüsü, Məmməd Rahim adına 7 nömrəli orta məktəbin təşkilati dəstəyi ilə “Azərbaycan xalq nağılları uşaqların gözü ilə” adlı layihə çərçivəsində hazırlanmış rəsm toplusunun kitab halında nəşr edilməsi ilə bağlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxt məktəblərinin xarici dil müəllimlərinin iştirakı ilə keçirilən “dəyirmi masa”da ictimai birliyin sədri Namazəli Mustafayev layihənin əhəmiyyətindən və rəsm toplusunun nəşr edilməsinin zəruriliyindən danışıb. Bildirib ki, nağıllar folklorumuzun ən önəmli janrlarından biridir. “Ölkəmizdə bu sahənin tədqiqinə xüsusi diqqət və qayğı göstərilir. Uşaqların bu layihəyə cəlb edilməsi həm onlarda vətənpərvərlik duyğularının güclənməsinə, həm də nağıllarımızın yaşadılmasına xidmət edir. Xüsusi qeyd etmək istərdim ki, bu gün mənfur qonşularımız Azərbaycanın bir çox mədəniyyət nümunələrini mənimsəyərək öz adlarına çıxırlar. Rəsm toplusu ingilis dilində nəşr edilərsə, Azərbaycan xalq nağıllarının dünya ictimaiyyətinə təbliğinə töhfə vermiş olar. Biz çalışdıq ki, uşaqları bu istiqamətə yönəldək və nağıllarımızı gələcək nəsillərə çatdıraq. Hazırda bu istiqamətdə 80-dək rəsm toplanıb”, – deyə N.Mustafayev qeyd edib.
İctimai birliyin sədri diqqətə çatdırıb ki, Azərbaycan xalq nağıllarının motivləri əsasında uşaq təfəkkürünün məhsulu olan istər sadə, istərsə də mürəkkəb və rəngarəng kompozisiyalara əsaslanan, süjetli təsvir nümunələrindən ibarət silsilə rəsm toplusu artıq hazırdır. Rəsm toplusuna əsrlər boyu xalqımızın yaddaşında qalan və sevilən nağıllar daxil edilib.
Sonra müəllimlər çıxış edərək, Azərbaycan xalq nağıllarının yaşadılması baxımından layihənin əhəmiyyətini vurğulayıblar.
“Dəyirmi masa” müzakirələrlə başa çatıb.