ELM VƏ TƏHSİL
Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur
Bakı, 17 mart, AZƏRTAC
Bakıdakı 81 nömrəli tam orta məktəbdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” mövzusunda tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir-bərəkət gətirən Novruz bayramı münasibətilə təbrik edib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, M.Vəliyeva çıxışında şagirdlərin Azərbaycanın tarixi ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev isə qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri olduğunu söyləyib.
Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunan şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın maraqlı oyunları, Bahar qızın gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.