SİYASƏT


Azərbaycan xarici işlər nazirinin Misirə səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılır

A+ A

Qahirə, 3 noyabr, AZƏRTAC

Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirdə rəsmi səfərdə olub. Səfər müddətində ölkə Prezidenti Əbdülfəttah əs-Sisi E.Məmmədyarovu qəbul edib. Bu haqda xəbərlər Misir KİV-lərində geniş işıqlandırılır.

“Əl-Bavvabanyus”, “Əl-Ərəbiyyanyus”, “Əl-Vafd”, “Əl-Youm 7” və digər Misir nəşrləri Prezident Administrasiyasının rəsmi nümayəndəsi Əla Yusifə istinadla xəbər verirlər ki, Elmar Məmmədyarov Misir dövlətinin rəhbərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və məktubunu, həmçinin Azərbaycana səfərə gəlməyə dəvətini çatdırıb. Qeyd edilir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi dəvət üçün Azərbaycan Prezidenti İlham Əliyevə onun təşəkkürünü və ən xoş arzularını çatdırmağı xahiş edib.

Rəsmi nümayəndənin sözlərinə görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan XİN başçısı ilə görüşdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyin zəruri olduğunu qeyd edib. O, Misir-Azərbaycan komissiyasının Qahirədə keçiriləcək iclasının əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın artırılması, qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq sahələrinin açılması üçün böyük məna kəsb edir. Ə.Yusif daha sonra bildirib ki, görüşdə bütün sahələrdə, xüsusən energetika sahəsində 2010-cu ildə başlanmış əməkdaşlığın genişləndirilməsinə dair məsələlərin geniş spektri müzakirə edilib.

Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə Misir arasında tarixən möhkəm əlaqələr olmasını təsdiqləyib, Azərbaycanın bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu qeyd edib. İkitərəfli komissiyanın qarşıdakı iclasının yüksək səviyyədə keçirilməsində Azərbaycanın maraqlı olmasını vurğulayan E.Məmmədyarov bildirib ki, bu iclas bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcək. Nazir beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığı davam etdirməyin və əlaqələndirməyin zəruriliyini vurğulayıb.

KİV-lər qeyd edirlər ki, E.Məmmədyarov Misirin xarici işlər naziri Sameh Şükri ilə də görüşüb. Danışıqlar çərçivəsində bir sıra mühüm regional məsələlər, o cümlədən Suriya, Liviya, İraq və Yəməndə vəziyyət, Fələstin məsələsi və Fələstin-İsrail danışıqlarının yenilənməsi üçün Misirin səyləri, habelə terrorizmə və qeyri-leqal miqrasiyaya qarşı mübarizədə Misirin rolu barədə geniş fikir mübadiləsi aparılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.