İDMAN
Azərbaycan yığmasının avarçəkəni yeni ulduz adlandırılıb
Bakı, 22 dekabr, AZƏRTAC
Beynəlxalq Avarçəkmə Federasiyası (FISA) Azərbaycan yığmasının avarçəkəni Boris Yotovu yeni ulduz adlandırıb. Bu barədə AZƏRTAC-a Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.
FISA-nın rəsmi saytında B.Yotovla blits-müsahibə dərc olunub.
Sayt yazır: “18 yaşlı Yotov Azərbaycanın perspektivli avarçəkənlərindən biridir. Bu il o, gənclər arasında Olimpiya Oyunlarında ikinci nəticə göstərib. Sonra iki nəfərlik qayıqda yaşlı idmançılar arasında Avropa və dünya birinciliklərinin gümüş medalını qazanaraq özünü təsdiq edib. Bu nəticələr sayəsində Boris yeni ulduz elan edilib”.
Müsahibəsində ikinci yerin ən yüksək nəticəsi olduğunu vurğulayan B.Yotov əlavə edib ki, avarçəkmə olmasaydı, violeybolu seçərdi. İdmançı xorvatiyalı Sinkoviç qardaşlarını özünün kumiri adlandırıb, Eminemi dinləməyi sevdiyini bildirib. O, 2016-cı il Rio-de-Janeyro Olimpiadasında medal qazanmağı qarşısına məqsəd qoyub.