MƏDƏNİYYƏT
Azərbaycana gələn qonaqlar ölkəmizin zəngin mədəniyyətinə, incəsənətinə, tarixinə heyran qaldılar VİDEO
Bakı, 7 dekabr (AZƏRTAC). Azərbaycana gələn qonaqlar ölkəmizin zəngin mədəniyyətinə, incəsənətinə, tarixinə heyran qaldılar.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası ilə bağlı fikirlərini bölüşən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AZƏRTAC-a müsahibəsində demişdir.
Ölkə ictimaiyyətinə UNESCO-nun sessiyasında müzakirə olunan məsələlər barədə məlumatların verildiyini söyləyən nazir belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsinin dövlətimizin başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə ərsəyə gəldiyini diqqətə çatdırmışdır.
Sessiya çərçivəsində Komitə üzvləri tərəfindən səmərəli müzakirələrin aparıldığını qeyd edən Ə.Qarayev təqdim olunan nominasiyaların siyahıya daxil olması ilə nəticələnən qərarların hər bir ölkə tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusilə vurğulamışdır.
UNESCO-nun Bakıda keçirilən sessiyasında gələcəkdə qeyri-maddi mədəni irsin qorunmasına yönəlmiş beynəlxalq mexanizmlərin təkmilləşdirilməsinə, onların müasirləşdirilməsinə və işin daha səmərəli aparılmasına dair mühüm qərarların qəbul olunduğunu diqqətə çatdıran mədəniyyət və turizm naziri bu mötəbər tədbirin Azərbaycan paytaxtının bəşəriyyət üçün artıq nə dərəcədə mühüm olduğunu bir daha sübut etdiyini əminliklə söyləmişdir.
Nazir demişdir: “Şəhərimizə gələn xarici qonaqlar Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini söyləyirlər. Onlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edib ölkəmizin zəngin mədəniyyətin, incəsənətinin bir daha şahidi olmuşlar. Düşünürəm ki, bu təəssüratlar xarici qonaqların yaddaşlarından uzun müddət silinməyəcəkdir. Əsas məsələ cəmiyyətdə milli adət-ənənələrin, qonaqpərvərliyin, xalqımızın vətənpərvərliyinin qorunmasıdır. Bu sessiya Azərbaycanın strateji cəhətdən düzgün yolda olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində addımlarını bundan sonra da genişləndirəcəkdir”.