CƏMİYYƏT
Azərbaycana külli miqdarda psixotrop tərkibli dərman preparatları keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb
Bakı, 10 noyabr, AZƏRTAC
İnsan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstandan qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub.
Baş idarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri – Gürcüstan vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, eləcə də Ağcabədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, H.Rüstəmov və A.Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər.
Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, “Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı baş idarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.