MƏDƏNİYYƏT
Azərbaycana səyahət müsabiqədə iştirak etməyin mükafatıdır
Bakı, 3 avqust, AZƏRTAC
“Azərbaycan Rusiya məktəbliləri və tələbələrinin gözü ilə” müsabiqəsinin qalibləri Bakıya gəliblər. Müsabiqə Moskva Vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib. Bu təşkilat on ildən çoxdur ki, Rusiyada bu cür intellektual-maarifləndirici müsabiqələri ardıcıl olaraq keçirir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, mərkəzə gələn qonaqlar birinci Avropa Oyunları vaxtı burada təşkil edilmiş “Bakı – 2015” Azarkeşlər Evinin ekspozisiyası ilə tanış olublar.
Görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafı ilə əlaqədar hərtərəfli söhbət aparılıb. “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlarının yaşamaq və işləmək şəraitindən, öhdələrinə düşən vəzifələrdən, RİMM-in rus dili, mədəni əlaqələr, təhsil proqramlarının inkişafı sahələrində təşəbbüslərinə Azərbaycan hakimiyyət orqanlarının necə münasibət göstərməsindən ətraflı söhbət açıb. Sonra konsert təqdim edilib.
Moskva Dövlət Linqvistika Universitetinin tələbəsi Dilya Mərdanova Azərbaycan və tatar dillərində mahnı ifa edib, onun tələbə yoldaşı Yana Juravel Azərbaycan rəqslərini təqdim edib və Azərbaycan dilində şeirlər söyləyib. Stavropol diyarından gənc şair Sergey Panfyorov A.Tvardovskinin “Vasili Tyorkin” poemasından parçalar və Azərbaycan haqqında şeirlər söyləyib. Gənc müğənnilər Aslan Əzimzadə və Ramil Hüseynli rus və Azərbaycan dillərində mahnılar ifa ediblər.
Azərbaycanın xalq artisti, S.Vurğun adına Dövlət Rus Dram Teatrının aktrisası Aleksandra Nikuşina Rusiya və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı töhfəsi haqqında fikirlərini bölüşüb.
Valentin Denisov və Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin nümayəndəsi Ramil İsmayılov çıxışlarında RİMM-in Bakıda, sözügedən mərkəzin isə Moskvada bundan sonra da fəal əməkdaşlıq etməsi barədə yekdil fikirdə olublar.