CƏMİYYƏT
Azərbaycanda 1500 nəfərdən çox hemofiliyalı xəstə dispanser qeydiyyatındadır
Bakı, 3 may, AZƏRTAC
Hemofiliya problemi bütün dünyada mövcuddur. Bu gün dünya üzrə 400 min hemofiliyalı xəstə var. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Hazırda 1500 nəfərdən çox xəstə dispanser qeydiyyatındadır. Hemofiliyalı xəstələrin müalicəsi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrası və akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar. Ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi hemofiliyalı xəstələrin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 3-də akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hemofiliya mövzusuna dair təşkil olunan “dəyirmi masa”da sələndirilib.
Tədbirdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin hemofiliyalı xəstələr üçün verdiyi qərar və sərəncamlar bu gün Səhiyyə Nazirliyi tərəfindən uğurla yerinə yetirilir. Belə ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. Azərbaycanda 1973-cü ildən Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsində Elmi-Praktiki Hemofiliya Mərkəzi fəaliyyət göstərir.
Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib ki, Azərbaycan hemofiliyalı xəstələri dərman preparatları ilə təmin edən azsaylı ölkələr sırasındadır. O deyib ki, Azərbaycanda hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstədə müxtəlif cərrahiyyə əməliyyatları həyata keçirilir. 2005-ci ildə Azərbaycanda Hemofiliyaya dair Dövlət Proqramı qəbul edilib. Hemofiliyalı xəstələrin müalicəsi bahalı olsa da, dövlət tərəfindən onların bütün ehtiyacları ödənilir.
"Bu gün Azərbaycanda hemofiliyalı xəstələrin 111 nəfəri 1-5 yaşlı, 226 nəfəri isə 5-15 yaşlı uşaqlardır. Bu da onu göstərir ki, ümumi xəstələrin 22,5 faizi 1-15 yaşlı uşaqlardır". Bunu isə Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova "dəyirmi masa"da çıxışı zamanı deyib. Mərkəzin rəhbəri bildirib ki, ildən-ilə stasionar şəraitdə müalicə olunan xəstələrin sayı azalır. Evlərdə və ambulator şəraitdə müalicələrin sayı artır ki, bu da yaxşı göstəricidir.