REGİONLAR
Azərbaycanda 20-dək aqroparkın yaradılması nəzərdə tutulur
Bakı, 13 oktyabr, AZƏRTAC
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin kollegiya iclasında bildirilib. Qeyd edilib ki, artıq 523 hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək.
Şəmkir Aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır.