CƏMİYYƏT
Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb
Bakı, 13 oktyabr, AZƏRTAC
Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Bu isə hər şeydən əlavə, uşaq ölümünün də azaldılması deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev çıxışı zamanı söyləyib.
Səhiyyə naziri dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər olduğunu, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzinin ölüm təhlükəsi ilə qarşılaşan belə xəstələrə, əsasən də uşaqlara həyatlarını davam etdirmək imkanı yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, 2015-ci ildə bu səhiyyə ocağına 15 mindən çox müraciət olub. Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. “Bu gün biz fəxrlə deyə bilərik ki, indi Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Artıq Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb”,-deyə O.Şirəliyev bildirib.