CƏMİYYƏT
Azərbaycanda 364 mindən çox şəxs aylıq sosial müavinətlə təmin olunur
Bakı, 28 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin olunanların sayı hazırda 364 min 84 nəfər təşkil edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdən 40,1 faizi əlilliyə, 4,1 faizi yaşa, 11,6 faizi ailə başçısını itirdiyinə görə aylıq sosial müavinətlə təmin olunur. Həmçinin aylıq sosial müavinət alanlardan 19,2 faizi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 13,4 faizi müharibə veteranlarıdır. Beşdən çox uşağı olan qadınların, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarının, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqların hər birinə görə də aylıq sosial müavinət ödənilir. Müvafiq kateqoriyalardan olan digər şəxslər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin edilirlər.
Bununla yanaşı, uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid insanlara birdəfəlik müavinətlər verilir. Cari ildə nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 60 min 660 nəfər təşkil edib.
Ölkəmizdə sosial müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması da təmin edilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanına əsasən, sosial müavinətlərin məbləği bu il fevralın 1-dən növbəti dəfə artırılıb.