İQTİSADİYYAT
Azərbaycanda 6 ən yaxşı ofis və biznes məkan layihələri müəyyən olunacaq
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də “Boulevard Hotel Baku”da “Design Dialogue Baku” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda reallaşdırılmış ən yaxşı biznes məkan layihəsi üzrə konfrans-sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Memarlar İttifaqının, “Global Interiors Group”, “Workplace interiors”, “Milliken”, “Interface” şirkətlərinin və Azərbaycan Yaşıl Tikinti Şurasının dəstəyi ilə reallaşdırılır.
“Azerbaijan Property Solutions” şirkətinin nümayəndəsi Rəsul Məmmədov tədbir iştirakçılarına müasir memarlıq, Azərbaycanda həyata keçirilən layihələr, dizayn və interyer sahəsində yeniliklərdən söz açıb.
“Pringle Brandon Perkins+Will” kompaniyasının təmsilçisi Sergio Gomez isə son dövrlər dünya və Avropanın ofis dizayneri sahəsində yeni texnologiyaların tətbiqi barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda da bu istiqamətdə ciddi irəliləyişlər var. Tikinti və quruculuq işləri sürətlə inkişaf edən respublikada müasir memarlıq nümunələri yaradılıb. Hazırda Azərbaycanda A,B,S kateqoriyalı təqribən 30 biznes mərkəzi, nou-xau ilə təchiz edilmiş premium biznes mərkəzləri fəaliyyət göstərir.
Konfransda vurğulanıb ki, müasir ofislərdə yeni texnologiyalar daha çox tətbiq olunur. Ofislərin dizaynı və interyeri biznesin növünə uyğunlaşdırılmalı, insanlar üçün rahat olmalıdır. Eyni zamanda, ofislərdə havalandırma sistemi və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilməlidir.
Təqdim olunan layihələr 6 nominasiya üzrə qiymətləndiriləcək. Ən yaxşı layihələri xüsusi ekspozisiyada görmək mümkün olacaq. Həmçinin, sərgi iştirakçıları son illər Azərbaycanda reallaşdırılmış ən yaxşı memarlıq layihələri ilə tanış ola biləcəklər.
“Design Dialogue”un Azərbaycan Memarlar İttifaqı ilə birgə hazırladığı bu sərgidə 100 iş nümayiş ediləcək. Qaliblər dünya səviyyəli mütəxəssislərdən ibarət münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. Münsiflər heyətinə memarlıq, dizayn və biznes sahəsində ixtisaslaşan nüfuzlu ekspertlər daxildir.