ELM VƏ TƏHSİL
Azərbaycanda 6 nömrəli məktəb-lisey beynəlxalq tədris proqramına qoşulan yeganə təhsil müəssisəsidir
AZƏRTAC xəbər verir ki, şagirdlərin, müəllim və valideynlərin iştirak etdikləri bayram tədbirində məktəbin direktoru Gülşən Orucova bu əlamətdar gün münasibətilə məktəbliləri təbrik edib, birinci sinfə ilk dəfə qədəm qoyan şagirdlərə qarşıdakı tədris ilində uğurlar arzulayıb.
Direktor məktəbin nailiyyətləri barədə məlumat verərək qeyd edib ki, 6 nömrəli məktəb-liseyi ötən tədris ilində 75 məzun bitirib. Məzunlar ali məktəblərə qəbul imtahanlarında 100 faizli uğurlu nəticə əldə ediblər. Azərbaycanda 6 nömrəli məktəb-lisey beynəlxalq tədris proqramına qoşulan yeganə təhsil müəssisəsidir. Bu proqram çərçivəsində məktəbin şagirdləri beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunurlar.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev şagirdləri “Bilik Günü” münasibətilə təbrik edib. Bildirib ki, təhsilə dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq diqqət və qayğı göstərilir. Şagirdlərin rahat və keyfiyyətli təhsili üçün yeni məktəb binaları tikilir, təhsil ocaqları əsaslı təmir olunur.
Sonra tədbir məktəb kollektivi tərəfindən hazırlanan bədii hissə ilə davam edib.