ELM VƏ TƏHSİL
Azərbaycanda “Alimlərin uşaqlara töhfəsi”layihəsi davam edir
Bakı, 14 fevral (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) “Alimlərin uşaqlara töhfəsi” layihəsi çərçivəsində Bakıdakı 27 nömrəli məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Reyhan Əliyeva ilə görüş olmuşdur.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaq uşaqlara görkəmli rus alimi Dmitri Mendeleyevin kimya nəzəriyyəsinə və Rusiya elminə töhfələrindən danışmışdır.
R.Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun fəaliyyətindən, neft-kimya proseslərinin işlənib hazırlanmasında müasir yanaşmalardan bəhs edən videotəqdimatla çıxış etmişdir.
Sonra alim uşaqların suallarını cavablandırmışdır.
Məktəbin direktoru Cəmilə Ramazanova elmə maraqlı və maarifləndirici səyahətə görə kollektivin adından R.Əliyevaya və RİMM-in nümayəndələrinə minnətdarlığını bildirmişdir.