İQTİSADİYYAT
Azərbaycanda Almaniya investisiyalı 177 şirkət fəaliyyət göstərir
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer, iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Daqmar Vöhrl, eləcə də Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel iştirak ediblər.
Nazir Ş.Mustafayev Azərbaycan-Almaniya əməkdaşlığının uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin, işgüzar görüşlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan-Almaniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun, həmçinin Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir. Hazırda Azərbaycanda müxtəlif sahələrdə Almaniya investisiyalı 177 şirkət fəaliyyət göstərir. Azərbaycan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), KfV Bankı ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Ölkəmizin əsas iqtisadi tərəfdaşlarından olan Almaniya ilə ticarət əlaqələri də ildən-ilə genişlənir. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artaraq 2,2 milyard dollara çatıb. Bu müsbət tendensiya 2014-cü ildə də davam edir və yeddi ay ərzində ticarət dövriyyəsi 15 faiz artıb.
Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar, həyata keçirilən iri regional infrastruktur layihələri barədə məlumat verən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açıb və bunun regional inteqrasiyaya ən ciddi maneə olduğunu diqqətə çatdırıb.
Almaniya Bundestaqının komissiya sədrləri Daqmar Vöhrl və Peter Ramsauer Azərbaycandakı sosial-iqtisadi inkişafı müsbət qiymətləndirərək ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib və iqtisadi əlaqələrin genişləndirilməsi barədə fikirlərini bildiriblər.
Görüşdə Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin perspektivləri barədə müzakirələr aparılıb, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanları olduğu vurğulanıb.