İQTİSADİYYAT
Azərbaycanda Amerika Ticarət Palatasının yeni prezidenti və Direktorlar Şurasının üzvləri seçilib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) illik iclasında yeni prezident və Direktorlar Şurasına altı yeni üzv seçilib.
“AmCham”dan AZƏRTAC-a bildiriblər ki, qurumun əsas toplantı iclası Direktorlar Şurasının üzvü Gündüz Kərimov, icraçı direktor səlahiyyətlərini yerinə yetirən Fərid İsmayılzadə və vergi və gömrük Komitəsinin sədri Həsən Quliyevin fəaliyyətinin dəyərləndirilməsi və vəzifələrindən ayrılması, o cümlədən Komitənin yeni sədri Bəxtiyar Aslanbəylinin təqdim olunması ilə başlayıb.
Palatanın Direktorlar Şurasına seçkilərdən sonra keçirilən prezident seçkilərinin nəticəsində yekdil olaraq “Ernst & Young” şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı İlqar Vəliyev növbəti dəfə “AmCham”ın prezidenti seçilib.
Gələcək aylarda Direktorlar Şurası “AmCham”ın mövcud komitələrinin səmərəliyini artırmaqla Palatanın fəaliyyətinin genişlənməsi istiqamətində işləri davam etdirəcək.
Qeyd edək ki, 1996-cı ildə yaradılmış “AmCham” 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.