İQTİSADİYYAT
Azərbaycanda “Avro 4” standartı tətbiq ediləcəkdir VİDEO
Bakı, 24 yanvar (AZƏRTAC). 2014-cü il aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-4” ekoloji normaları tətbiq ediləcəkdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar yanvarın 24-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuat konfransı keçirilmişdir.
Tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək bildirmişdir ki, ölkədə “Avro 4” standartının tətbiqinə ictimai maraq çox böyükdür. Bu gün Avropa ölkələrində “Avro 5” standartı tətbiq olunur. Ümumilikdə isə bu sahədə 6 standart mövcuddur. Onun da ən yüksəyi “Avro 6”dır.
Komitə sədri havanı çirkləndirən əsas amilin məhz avtonəqliyyat vasitələri olduğunu qeyd edərək ekologiyanın qorunması, o cümlədən ölkənin avtoparkının müasir avtomobillərlə əvəzlənməsi məqsədi ilə “Avro 4” standartına keçidin zəruri olduğunu bildirmişdir.
Onun sözlərinə görə, avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrlə bağlı “Avro 1”, “Avro 2”, “Avro 3” standartları arasında kəskin fərq olmadığı halda, “Avro 3” və “Avro 4” arasında ciddi fərq mövcuddur. Təkcə avtomobildən atmosfer havasına atılan karbon-oksidin kütləsinə olan tələblər “Avro 2” standartı ilə müqayisədə 2 dəfə sərtləşdirilmişdir. Əgər “Avro 2” standartında bir kilometr məsafəyə 2,2 qram nəzərdə tutulmuşdursa, “Avro 4” standartında bu, bir qrama qədər məhdudlaşdırılmışdır. Bütün bu tələblər digər zərərli maddələrə də şamil olunur.
Ramiz Həsənov diqqətə çatdırmışdır ki, 2011-ci ildə Azərbaycana 64 min avtomobil idxal edilmişdir. Bu avtomobillərin 27 mini işlənmiş nəqliyyat vasitəsi olmuşdur. 2013-cü ildə isə ölkəyə 100 mindən çox avtomobil gətirilmişdir ki, bunun da 50 mindən artığı işlənmiş maşınlardır. Bu da ətraf mühitə və vətəndaşların sağlamlığına mənfi təsir göstərir.
Mətbuat konfransında məlumat verilmişdir ki, komitə gələn həftədən avtomobil idxalçıları ilə “Avro 4” ekoloji standartının tətbiqi ilə bağlı görüşlər keçirəcəkdir.
R.Həsənov bildirmişdir ki, atmosferə atılan zərərli maddələrlə bağlı tələblər sərtləşdikcə ölkəmizdə yanacağın keyfiyyətinin artırılması məsələləri də aktuallaşır. Komitə sədri bununla bağlı əlaqədar qurumlarla işlərin aparıldığını, müvafiq standart layihələrinin hazırlandığını diqqətə çatdırmışdır. Vurğulamışdır ki, artıq neft sektorunun müxtəlif sahələrini əhatə edəcək texniki komitələrin yaradılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə danışıqlar aparılır. Bundan əlavə, Azərbaycanda yeni tikiləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə milli standartların hazırlanmasına da artıq başlanılmışdır. Bu sahədə 535 adda standartın hazırlanması 2014-cü ilin standartlaşdırma üzrə iş planına daxil edilmişdir.
Komitə sədri bildirmişdir ki, sürətlə inkişaf edən ölkəmizdə magistral yollar yenilənir, müasir avtobanlar salınır və təbii olaraq yollarda sürət həddi artırılır. Bütün bunlar da öz növbəsində avtonəqliyyat vasitələrinin təhlükəsizlik sistemlərinə qoyulan tələbləri bir daha nəzərdən keçirməyi və yaxın gələcəkdə bununla bağlı standartların hazırlanmasını zəruri edir.