CƏMİYYƏT
Azərbaycanda Belarus gəncləri gününə start verilib
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 7-dən Azərbaycanda Belarus gəncləri gününə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü ölkəmizə təşrif buyuran qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra onlar Gənclər və İdman Nazirliyində olublar.
Görüşdə gənclər və idman nazirinin müavini İntiqam Babayev qonaqlara gənclər sahəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən dövlət proqramları və bu proqramlardan irəli gələrək görülmüş və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr haqda məlumat verib. O, bu səpkili səfərlərin müxtəlif ölkələrin gəncləri ilə azərbaycanlı gənclər arasında möhkəm əlaqələrin qurulmasına, sıx dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb.
Bu gündən Belarus gənclərinin Şəmkir şəhərinə səfəri başlayır. Burada proqrama əsasən hər iki ölkənin gənclərinin əl işlərindən ibarət yaradıcılıq sərgisi, ölkələrin mədəniyyət nümunələrini özündə əks etdirən konsert proqramı keçiriləcək.
Eyni zamanda, iki ölkənin gəncləri arasında daha sıx əlaqələrin yaradılması və yeni layihələrin həyata keçirilməsi məqsədilə müzakirələrin aparılması üçün “dəyirmi masa” təşkil ediləcək.
İyulun 9-da qonaqlar paytaxtımızla yaxından tanış olacaq, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunda görüş keçirəcəklər.
Azərbaycanda Belarus gəncləri günü iyulun 10-da yekunlaşacaq.