MƏDƏNİYYƏT
Azərbaycanda Böyük İpək Yolu barədə filmin çəkilişləri aparılır
Bakı, 5 sentyabr, AZƏRTAC
“MİR” telekanalı qədim ticarət yolunun sirrini açacaq film çəkir. Bu film Azərbaycandan keçən Strabon yolu barədə “Zamanın sirləri" sənədli silsiləsinin ikinci hissəsidir.
AZƏRTAC telekanalın məlumatına istinadla xəbər verir ki, yaradıcı heyət bir zamanlar İran, Hindistan və digər Şərq dövlətlərindən olan dindarların can atdığı Yanardağda, həmçinin XI-XVI əsrlərdə Şirvanşahların iqamətgahı və müdafiə istehkamı olan Gülüstan qalasında çəkilişlər aparacaq. Digər bir çəkiliş məkanı isə vaxtilə böyük ticarət və sənətkarlıq mərkəzi olan indiki Şəmkir şəhəridir.
Filmin rejissoru Dmitri Xodakovski deyib: “Strabon yolu Çin və Hindistandan Mərkəzi Asiyaya, oradan da Azərbaycana qədər uzanıb. Burada o, iki qola bölünüb. Biri Kür çayının axını ilə yuxarı, Kolxida və İberiyaya gedib çıxırdı. İkincisi Xəzər dənizinin qərb sahili boyunca Dərbənd və Qafqaz çöllərindən keçirdi. Məhz bu yollar keçmişdə Sibirdən Avropaya, Çindən İslam dünyası ölkələrinə qədər nəhəng əraziləri birləşdirirdi. Ümid edirik ki, teleekspedisiyamız tarixi faktları və yaşadığımız dünyanı fərqli görməyə imkan verəcək”.
“Zamanın sirləri” seriyasından ikinci filmin çəkilişləri Dağıstan, Gürcüstan və İnquşetiyada da aparılacaq. Kinolentdə həmçinin qədim romalıların Bakıda nə axtardığından, Əjdaha gölünün sakini və Kolxida “qapıları”ndan bəhs ediləcək.
Layihə Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə həyata keçirilir. Filmin premyerası “MİR” telekanalında 2016-cı ilin dekabrına planlaşdırılır.