CƏMİYYƏT
Azərbaycanda Çernobıl əlillərinin problemlərinin həlli hər zaman diqqət mərkəzindədir
Bakı, 24 aprel, AZƏRTAC
Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə əlaqədar Nəsimi rayonunda qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən icra hakimiyyətinin başçı Asif Əsgərov bu dəhşətli qəzanın bütün dünyada əks-səda doğurduğunu deyib. O, baş vermiş hadisə nəticəsində 7 min insan həlak olduğunu, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst qaldığını qeyd edib. Ukrayna və Belorusiyada 300 min nəfər dinc sakin öz yaşayış yerlərini tərk edib. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 31 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də radiasiya şüalarının yaratdığı fəsadlardan əziyyət çəkirlər.
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib ki, o vaxtlar sovet hakimiyyəti Qərb dövlətlərinə öz gücünü nümayiş etdirmək məqsədilə bu faciənin fəsadlarını gizli saxlamağa çalışıb. Odur ki, qəzanın törətdiyi dağıntıların aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirmiş insanlar taleyin hökmünə buraxılıblar. O, vurğulayıb ki, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılıb, onların statusu müəyyənləşdirilib, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülüb, onlara dövlət tərəfindən müavinət təyin edilib. Bu qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafiəsi gücləndirilib.
Çernobıl qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.