İQTİSADİYYAT
Azərbaycanda “Elektron hökumət” üzrə beynəlxalq təcrübələr öyrənilir
Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da “Ambasador” otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avropa Şurasının (AŞ) ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə “Düzgün idarəçilik və korrupsiyaya qarşı mübarizə” Şərq Tərəfdaşlığı-Avropa Şurasının layihəsi çərçivəsində “Elektron hökumət” üzrə yaxşı təcrübələr” mövzusunda işçi seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda “E-hökumət”in formalaşmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, son illər ölkədə bu istiqamətdə ardıcıl və kompleks fəaliyyət həyata keçirildiyini diqqətə çatdırmışdır. E.Vəlizadə bildirmişdir ki, Azərbaycanda “Elektron hökumət”in formalaşdırılması informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla ölkədə səmərəli və şəffaf dövlət idarəetməsinin təmin olunmasına, bürokratik əngəllərin, korrupsiya hallarının aradan qaldırılmasına xidmət edir.
Tədbirin əhəmiyyətini qeyd edən nazir müavini demişdir ki, “E-hökumət” üzrə beynəlxalq təcrübə ilə tanışlıq ölkədə aparılan fəaliyyətin səmərəliliyinin daha da artırılmasına xidmət edəcəkdir.
Avropa Şurasının layihə üzrə məsləhətçisi Tilman Hope bildirmişdir ki, “E-hökumət” layihəsi üzrə beynəlxalq əməkdaşlıq genişləndirilməli, düzgün idarəçilik təcrübəsi baxımından müxtəlif ölkələrin təcrübəsindən istifadə olunmalı, bu prosesdə beynəlxalq təşəbbüslərdə fəal iştirak edilməlidir.
Avropa Şurasının Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Teymur Məlik-Aslanov İKT-nin tətbiqi üzrə dünya ölkələrinin təcrübəsindən danışmışdır. T.Məlik-Aslanov bildirmişdir ki, qloballaşan dünyada hər bir ölkədə İKT-nin durumu həmin dövlətin inkişaf səviyyəsinin əsas göstəricilərindən biridir. “E-hökumət” XXI əsrdə dünya hökumətlərinin fəaliyyətini təmin edən, onun səmərəliliyini artıran əsas mexanizmlərdən biridir. Dünyanın bir sıra ölkələrində “E-hökumət” artıq qurulmuşdur. Azərbaycan üçün də bu sahənin inkişafı çox önəmlidir.
Dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən seminarda “Azərbaycanda “Elektron hökumət”in mövcud vəziyyəti”, “Uzun illik təcrübəyə malik ölkələrdə “E-hökumət” təcrübəsi”, “Gürcüstanda “E-hökumət” mövzularında məruzələr dinlənilmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.