CƏMİYYƏT
Azərbaycanda İİV-ə yoluxma halları əsasən inyeksion narkotik istifadəçiləri arasında yayılıb
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycanda İİV-ə yoluxma halları əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, bu ilin birinci yarısında aşkar olunan İİV-ə yoluxma hallarının 20,3 faizi, 1987-ci ildən 2016-cı ilədək olan dövrdə isə 49,2 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ilin altı ayı ərzində İİV-ə yeni yoluxanların sayı 283 olub. Onlardan 276-sı (97,5 faiz) Azərbaycan vətəndaşlarında, 7-si (2,5 faiz) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 276 yerli sakindən 180-ni (65,2 faiz) kişi, 96-sı (34,8 faiz) qadındır.
Bu dövrdə Azərbaycan vətəndaşları arasında 56 nəfər parenteral, 160 nəfər heteroseksual, 5 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər isə şaquli yolla İİV-ə yoluxub. Hazırda 51 nəfərin yoluxma yolu müəyyənləşdirilir.