CƏMİYYƏT
Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-dən 25-dək Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan 2007-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmək təşəbbüsündə iştirak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.
İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda qızılca və məxmərək peyvəndini almamış əksər yaşlı əhalinin bu xəstəliklərə qarşı immunlaşdırılması planlaşdırılır. Qızılca və məxmərək əleyhinə peyvənd rayonlarda mərkəzi xəstəxanaların poliklinika şöbəsinə, şəhərlərdə isə böyüklər üçün poliklinikalara paylanılıb. Peyvənd olunmaq üçün məhz bu müəssisələrə müraciət etmək lazımdır.
Həftə ərzində poliomielitə qarşı inaktivləşdirilmiş peyvəndin (IPV) tətbiqinə hazırlıq işləri, Bakı, Gəncə və Şəki şəhərlərində konfransların keçirilməsi, tibb işçiləri üçün təlimatın hazırlanması və təlimlərin aparılması nəzərdə tutulur. İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcək.
Bu il, həmçinin Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq.