İQTİSADİYYAT
Azərbaycanda KamAZ avtomobilləri yığılacaq
Bakı, 23 dekabr, AZƏRTAC
Gəncə avtomobil zavodunda KamAZ avtomobilləri yığılacaq.
“KamAZ” Açıq Səhmdar Cəmiyyəti və Gəncə avtomobil zavodu Azərbaycan ərazisində KamAZ avtomobillərinin yığılması üzrə bir sıra sazişlər imzalayıblar.
AZƏRTAC “KamAZ” ASC-nin saytına istinadla xəbər verir ki, sazişlərdən biri Azərbaycandakı müəssisədə yığılması üçün KamAZ avtomobillərinin maşın dəstlərinin göndərilməsini nəzərdə tutur.
“KamAZ” və Gəncə avtomobil zavodu arasında imzalanan daha bir sənəd KamAZ-42.114, 4326, 43.118, 65.115, 65.117 və 6.520 avtomobillərini yığmaq hüququ verən lisenziya müqaviləsidir.
Müqavilələr imzalanandan əvvəl Gəncə avtomobil zavodunun nümayəndə heyəti “KamAZ” da olub. Zavodun nümayəndələri bir neçə gün ərzində Naberejnıye Çelnı şəhərindəki bu avtonəhəngin istehsal gücü ilə tanış olub və KamAZ avtomobillərinin Azərbaycanda yığılmasının təşkil edilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Texniki servis, zəmanət və postzəmanət müddətinin şərtləri işlənib. Bütün bunları Bakı və Gəncə şəhərlərində təşkil etmək planlaşdırılır.
Azərbaycanda KamAZ avtomobillərinin yığılmasına gələn ilin birinci yarısında başlamaq nəzərdə tutulur. İstehsalın həcmi yaxın günlərdə müəyyən olunacaq.