İQTİSADİYYAT
Azərbaycanda Layihələri İdarəetmə Məktəbi fəaliyyətə başlayır
Bakı, 16 mart, AZƏRTAC
BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları Azərbaycanda Layihələri İdarəetmə Məktəbinin (LİM) yenidən fəaliyyətə başladığını elan ediblər.
AZƏRTAC xəbər verir ki, martın 16-da bununla bağlı keçirilən tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və regional strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, layihənin bu yeni dövründə biz icraçı tərəf qismində çıxış edən, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan "Twenty Eighty Strategy Execution" şirkəti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcəyik. Müqaviləyə əsasən, təlim proqramında Bakı Ali Neft Məktəbinin obyektlərindən istifadə ediləcək və bu ali məktəb proqramın fəaliyyətinə dəstək olacaq. Ümidvarıq ki, bu yeni əməkdaşlarla Layihələri İdarəetmə Məktəbi daha böyük nailiyyətlər qazanacaq. Layihə indiyədək tərəfdaşlarımızla birlikdə maliyyələşdirdiyimiz ən uğurlu ixtisasartırma və yerli potensialın yaradılmasına dəstək təşəbbüslərindən biridir. Hesab edirik ki, bu məktəb artıq yerli potensialı inkişaf etdirən, amma beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilib.
Məlumat verilib ki, Layihələri İdarəetmə Məktəbi ölkənin özəl və dövlət sektorunda layihə idarəetmə üzrə yeni bacarıqların və səriştələrin inkişaf etdirilməsi ehtiyaclarını qarşılamaq üçün ilk dəfə 2010-cu ildə təsis edilib. Bu məqsədlə də bu layihə xüsusi olaraq yerli menecerlərin beynəlxalq səviyyədə qəbul edilmiş geniş layihə idarəetmə proqramı üzrə təhsil almalarına imkan yaratmaq üçün hazırlanıb. Proqramın məqsədi həm layihələrin bilavasitə idarə edilməsinin icrasını təkmilləşdirmək, həm də ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir.
LİM-in tədris proqramı yeddi moduldan ibarətdir – layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və əlaqə, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq.
LİM proqramını tam başa vuran şəxslərə beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə magistr sertifikatı verilir.
Yenidən fəaliyyətə başlayan layihənin müddəti mart ayından başlayaraq 18 ay olacaq. Layihənin ümumi dəyəri 214000 ABŞ dollarıdır. Fəaliyyətə başladığı müddətdən bu vaxtadək layihənin ümumi dəyəri 2,2 milyon dollar təşkil edib.
2015-ci ilə qədər olan ilk 5 illik fəaliyyət müddəti ərzində məktəb özəl və dövlət sektoruna aid 114 təşkilatı təmsil edən 325 nəfərə uğurla təlim keçib.
"Hazırda, ümumilikdə 50 nəfər iştirakçıdan ibarət iki təlim qrupunun yaradılması planlaşdırılır. Həmçinin Corc Vaşinqton Universitetinin setifikasiyasına uyğun ixtisaslaşmış layihə menecerlərinə təlim keçə biləcək yerli müəllimlər yetişdirməklə məktəb proqramı heyətinin milliləşdirilməsi nəzərdə tutulur",-deyə B.Aslanbəyli qeyd edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov diqqətə çatdırıb ki, Layihələri İdarəetmə Məktəbi Azərbaycan üçün çox önəmli məktəbdir. Bu gün yenidən fəaliyyətə başlamasını qeyd etdiyimiz Layihələri İdarəetmə Məktəbi yerli insan resurslarına və ümumilikdə, bacarıqların yaradılmasına dəstəyimizin uğurlu nümunəsidir. Əminik ki, bu layihə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməklə gələcəkdə də ölkəyə əhəmiyyətli faydalar gətirəcək. Layihələri İdarəetmə Məktəbində kursun qiyməti 9 min ABŞ dollarıdır.
Sonra BP, Bakı Ali Neft Məktəbi və "Twenty Eighty Strategy Execution" arasında birgə fəaliyyət haqqında niyyət protokolu imzalanıb. Protokolu BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "Twenty Eighty Strategy Execution" şirkətinin direktoru Endi Dorlinq imzalayıblar.