İQTİSADİYYAT


Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Prezident İlham ƏIiyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması barədə Fərman imzalayıb.

Fərmana əsasən, ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması, o cümlədən makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası yaradılıb. Şuranın sədri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin edilib.

Həmçinin Fərmanda şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyinin yaradılması və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankına tövsiyə edilməsi qeyd olunub. Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

Şuraya bir ay müddətində ölkədə maliyyə–kredit sektorunun mövcud vəziyyətini təhlil etməsi, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirməsi, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə Azərbaycan Respublikası Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat verilməsi qeyd edilib.

Nazirlər Kabinetinə isə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Bundan başqa, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.