İQTİSADİYYAT
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi elan edilib
Bakı, 21 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Microsoft Azərbaycan” və “Nar” mobil rabitə operatoru “Microsoft Imagine Cup 2017” innovasiya müsabiqəsinin milli seçim turuna start verib.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 21-də “Tələbə Günü” münasibətilə keçirilən tədbirdə bildirilib. Ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün mövcud imkanlara həsr olunmuş tədbirdə “Microsoft Azərbaycan” şirkətinin təhsildə əməkdaşlıq proqramının rəhbəri Emin Axundov “Microsoft Imagine Cup 2017” müsabiqəsinin şərtləri barədə məlumat verib. Bildirilib ki, müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsili müəssisələrinin tələbələri iştirak edə bilərlər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır.
Üç nominasiyada keçiriləcək müsabiqəyə hazırlıq işləri gələn il yanvarın 1-dən aprelin 15-dək aparılacaq. Aprelin ortalarında isə milli turun finalı keçiriləcək və 3 qalib müəyyən olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibinə qiymətli hədiyyələr təqdim olunacaq və onlar ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.
“Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən irimiqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda bu müsabiqə artıq üçüncü dəfədir təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsili müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriyada - “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” üzrə iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.
“SABAH Qrupları”, “Code Academy”, “İT Step Akademiyası” və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən dəstəklənən müsabiqədə iştirak etmək istəyənlər cari il dekabrın 25-dək qeydiyyatdan keçməlidir.
Xatırladaq ki, Azərbaycanı təmsil edən komanda “Microsoft Imagine Cup – 2015” müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə “NoObs” komandasına “İnnovasiyalar” kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın komandası “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi uğur qazandırıb.