ELM VƏ TƏHSİL
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi elan olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi, “Microsoft Azerbaijan”, “Yüksək Texnologiyalar Parkı” və “Nar” mobil rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turuna başlayıb.
“Microsoft Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya tədbiridir. Azərbaycanda ikinci dəfə təşkil olunan müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi və istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır. İştirakçıların qeydiyyatı dekabrın 25-dək davam edəcək. Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilərlər. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi iştirak edə bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır.
Gələn il yanvarın 1-dən aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq və aprelin ortalarında isə milli turun finalı keçiriləcək. Nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.
Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb.