Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycanda Olimpiya hərəkatının inkişafı tarixi prizmadan

Bakı, 30 noyabr (AZƏRTAC). İnsan cəmiyyəti inkişaf etdikcə bir çox məfhumlar öz ilkin və ya qəbul edilmiş rolunu, təsir obyektlərini və məqsədlərini dəyişə bilir. İdman və fiziki tərbiyə də əsrlərdən-əsrlərə inkişaf edərək özünün ilkin yaşamaq uğrunda mübarizə, daha sonra sağlamlıq və pedaqoji tərbiyə vasitəsi kimi funksiyalarını aşaraq, cəmiyyətdə qlobal siyasi, iqtisadi və sosial məsələlərin həllində mühüm rol oynayan çoxşaxəli və effektiv təsirə malik fenomenə çevrilmişdir. İdman vasitəsilə daha firavan, sülhsevər, insan ləyaqətinə hörmətlə yanaşılan bir dünya qurmaq ideyası ətrafında inkişaf edən Olimpiya Hərəkatının müasir idmanın mənəvi dəyərləri və vəzifələrinin müəyyən edilməsində xüsusi rolu vardır.

Hər cür ayrı-seçkiliyə qarşı çıxan Beynəlxalq Olimpiya Komitəsi öz universal fundamental prinsipləri ətrafında dünya dövlətləri və xalqlarını birləşdirməyə nail olmuş və müasir idmanın həqiqətən bəşəriyyətin inkişafına xidmət etməsi üçün təşkilatlı və səmərəli şəkildə fəaliyyət göstərməyə nail olur. Beynəlxalq Olimpiya Komitəsinin səmərəli fəaliyyətinin təməli onun fəlsəfi mükəmməlliyi, hüquqi bazası və təşkilati idarəetmə prinsipləri üzərində qurulsa da, bir beynəlxalq təşkilat kimi hərəkatın uğurları, şübhəsiz onun üzvləri və həmkarlarının birgə fəaliyyət və nailiyyətlərinin məcmusu ilə səciyyələnir.

Olimpiya Xartiyasında deyilir: “Milli Olimpiya Komitələrinin missiyası onlara müvafiq ölkələrdə Olimpiya Xartiyası əsasında Olimpiya hərəkatının inkişafı, tərəqqisi və müdafiəsini təmin etməkdən ibarətdir.” Odur ki, bu missiyanın həyata keçirilməsi üçün üzv ölkələrdə Milli Olimpiya Komitələri cəmiyyətin ayrı-ayrı təbəqələrini, qeyri-hökumət təşkilatlarını və ən başlıcası, dövlət qurumlarını qarşıya qoyulmuş məqsədə nail olmaq üçün stimullaşdırmalıdır.

Fəaliyyəti bir əsrdən artıq dövrü əhatə Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş bir çox ölkələr Olimpiya fəlsəfəsinin təbliği, Olimpiya Oyunlarında iştirak və hazırlığının təşkili məsələlərində uzun müddətli təcrübəyə malikdirlər. Dünyanın siyasi xəritəsi dəyişdikcə, Olimpiya Hərəkatının üzvlərinin say tərkibi və yaxud iştirak edən xalqların dövlət mənsubiyyətində də müəyyən dəyişikliklər baş verir.

Doxsanıncı illərdə dünyada baş verən mühüm siyasi hadisələr yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Yetmiş ildən artıq bir zaman kəsiyində, SSRİ-nin tərkibində birgə fəaliyyət göstərən və dünyanın ictimai-siyasi müstəvisində bir dövlətin bayrağı altında təmsil olunan on beş Sovet Sosialist Respublikası da bir-birinin ardınca müstəqillik əldə edərək, keçid dövrünün bütün siyasi, iqtisadi və sosial problemləri ilə birgə yeni bir həyata, onilliklərlə təcrid olunmuş böyük dünyaya öz xəfif addımlarını atmağa cəhd göstərməyə başladılar. Bu dövlətlərin arasında müstəqil Azərbaycan Respublikası, həmin beynəlxalq təşkilatların sırasında Beynəlxalq Olimpiya Komitəsi də var idi. O zaman bir-birinə çox uzaq görünən bu iki obyekt, qarşılıqlı səylər nəticəsində bu gün böyük inkişaf yolu keçmiş və əməkdaşlıqları dünya ictimaiyyətinə nümunə göstəriləcək bir həddə çatmışdır.

Zirvəyə Aparan Yol

Sosializm cığırı ilə Olimpizmə gedən yol

Ölkəmizdə Olimpiya Hərəkatına böyük önəm verilir. Cəmiyyətimizdə “Olimiya Oyunları”, “Olimpiada” sözləri “Olimpiya Hərəkatı” və “Olimpizm” ifadələrindən daha çox işlənilir və daha aydın başa düşülür. Əlbəttə, bunun da öz səbəbləri vardır. Dörd ildən bir təşkil edilən bu möhtəşəm bayramın təntənəsinin canlı yayım vasitəsilə hər kəs üçün əlçatan olması və dünya dövlətlərinin çox böyük əksəriyyətinin bu festivalda iştirakı onun dünyada daha çox tanınmasına və səbirsizliklə gözlənilməsinə təsir edən ən əsas səbəbdir. Digər tərəfdən, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında birinci dövr iştirakı keçmiş SSRİ-nin tərkibində yaşanılan dövrə təsadüf edir və bu dövrdə sovet siyasi ideologiyasının digər “burjua” mənşəli fəlsəfi təsirlərə məruz qalmaq ehtiyatından irəli gələrək “Olimpizm” konsepsiyasının təbliği məsələləri o qədər də cəlbedici deyildi. Hərçənd, Rusiya İmperiyası Olimpiya Oyunlarına 1900-cü ildən (II Olimpiya Oyunları, Paris) qoşulmuş, daha sonra 1908 və 1912-ci illərdə də bu oyunlarda iştirak etmişdi, 1917-ci il inqilabından və 1922-ci ildə SSRİ-nin yaradılmasından sonra Sovet İttifaqının komandası yalnız 1952-ci ildə Olimpiya Oyunlarında iştirak etməyə başlamışdı.

Azərbaycan idmançıları da elə həmin ildə ilk dəfə keçmiş SSRİ komandasının tərkibində XV Yay Olimpiya Oyunlarında (Helsinki, 1952) beş idmançı ilə iştirak etmiş və xalqımızın idman tarixində ilk Olimpiya medalını qazanmışlar (güləşçi Rəşid Məmmədbəyov). Bu Olimpiadada respublikamızı təmsil edən daha bir idmançı da Olimpiya Oyunlarının bürünc mükafatını qazanmağa nail olmuşdu.

II Dünya müharibəsindən sonra nüvə silahına malik dünyanın iki nəhəng dövləti SSRİ və ABŞ arasında başlamış soyuq müharibə, bu ölkələrin hər hansı vasitə ilə bir-birinə təsir etmək və qüdrətini nümayiş etdirmək istəyi, eyni zamanda qarşı tərəfin hücumuna hər an hazır olmaq tələbi, əhalinin fiziki və psixoloji hazırlıq məsələlərinin daim diqqətdə saxlanması, əhalinin bütün təbəqələrinin kütləvi şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırışı, nəticədə hər iki ölkədə idmanın əsaslı inkişafına və dünyanın ən mötəbər idman tədbiri olan Olimpiya Oyunlarının liderliyinin də əsasən bu iki dövlətin komandaları arasında bölüşməsinə gətirib çıxardı. Sovet hökumətinin “SSRİ xalqlarının birinci Spartakiadasının hazırlanması və keçirilməsi haqqında” qərarı müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də də bədən tərbiyəsi və idmana marağı artırır, Azərbaycan idmançılarını həm ittifaq, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər qazanmağa sövq edirdi. SSRİ xalqlarının Spartakiadası ölkənin Olimpiya yığması üçün ən güclü idmançıları seçmək və ölkədə bədən tərbiyəsi və idmanın inkişaf səviyyəsini müəyyən etməyə yaxşı imkan yaradırdı. Melburn Olimpiadasından əvvəl 1956-cı ildə ilk dəfə keçirilən Spartakiada SSRİ-nin qarşıdakı Oyunlara yüksək səviyyədə hazırlığı təmin etdi. XVI Melburn Olimpiadasında (1956) Azərbaycan atleti Yuri Konavalov estafet yarışlarında digər komanda üzvləri ilə birgə Olimpiadanın gümüş medalını qazandı.

1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında da Azərbaycanın iki idmançısı SSRİ Olimpiya yığmasının tərkibinə daxil edilmişdi. Onlardan biri Yuri Konavalov Melburn Olimpiadasında əldə etdiyi nailiyyəti (estafet yarışı, gümüş medal) yenidən təkrarladı və digər idmançımız Yevgeni Saltsin vaterpol komandasının heyətində daha bir gümüş medala sahib oldu.

Növbəti XVIII Tokio Olimpiya Oyunlarında respublikamızın altı təmsilçisi Sovet Olimpiya heyətində mübarizəyə qatılmışdı. Bu Oyunlarda təmsilçilərimizin müxtəlif idman növlərindən çıxış etməsi artıq yeni idman növlərinin Azərbaycanda inkişafının yüksəlməsindən xəbər verirdi. Bu idmançılar arasında ilk qadın olimpiyaçımız, voleybolçu İnna Rıskal da vardı. Onun komandada liderliyi nəticəsində SSRİ yığması qadınlar arasında voleybol üzrə Olimpiya Oyunlarının gümüş medalını qazandı, sərbəst güləşçimiz Aydın İbrahimov isə yarışlarda bürünc medala layiq görüldü. Azərbaycanın iki vaterpolçusunun iştirak etdiyi (Nikolay Kuyznetsov və Zenon Bortkeviç) sovet komandası da Oyunların bürünc mükafatını almağa müvəffəq oldu. Tokio Oyunlarında Azərbaycan təmsilçisinin Olimpiya tarixində ilk dəfə Olimpiya çempionu titulunu qazanması ilə yeni bir şanlı bir səhifə yazıldı. Bu sevinci xalqımıza beşnövçülük yarışlarında uğurla çıxış edən Viktor Mineyev yaşatmışdı.

Mexiko Oyunlarında (1968) respublikamız üç qadın idmançı ilə təmsil olunurdu. Onlardan ikisi - voleybolçular İnna Rıskal və Vera Lantratova Mexiko Olimpiadasının çempionları kimi vətənə döndülər. Suyatullanma yarışlarında çıxış edən idmançımızın nəticəsi yüksək olmasa da, bu, respublikamızda su idman növlərinin və eləcə də qadınların idmanla fəal məşğul olaraq ən mötəbər yarışlarda iştirak etməsinə sözsüz ki, gözəl nümunə idi.

XX Yay Olimpiya Oyunlarının (Münhen, 1972) Olimpiya tarixində qanlı iz qoymasına baxmayaraq (İsrail idmançıları ərəb mənşəli terroristlər tərəfindən girov götürülmüş və azadetmə əməliyyatı zamanı 9 idmançı həlak olmuşdur), Oyunlar dayandırılmadı və Azərbaycandan da üç idmançı yarışlarda mübarizəyə qoşuldu. Olimpiya çempionu İnna Rıskal voleybol üzrə SSRİ yığmasının tərkibində yenidən Olimpiya çempionu adını qazandı. Yüngül atlet Aleksandr Karnelyuk estafet qaçışında gümüş medal qazanaraq, Azərbaycan yüngül atletika məktəbinin ənənələrini uğurla davam etdirdi.

Otuz iki Afrika ölkəsinin boykotu ilə başlayan 1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilən XXI Yay Olimpiya Oyunlarında SSRİ olimpiyaçılarının arasında yenə də ikiqat Olimpiya çempionu İnna Rıskal vardı. O, bu dəfə dördüncü Olimpiya medalını (gümüş) qazandı. Daha iki təmsilçimiz Rəfiqə Şabanova və Lyudmila Şubina Olimpiya proqramına ilk dəfə daxil edilən həndbol idman növü üzrə Sovet İttifaqının yığma komandasının tərkibində Olimpiya çempionu adına layiq görüldülər. Bu qələbə uzun illər Azərbaycanda həndbolun populyarlığının saxlanılmasına öz təsirini göstərdi.

1979-cu ildə Sovet ordusunun Əfqanıstana daxil olmasına cavab olaraq ABŞ hökuməti digər dövlətləri 1980-ci il SSRİ-nin paytaxtı Moskva şəhərində keçiriləcək XXII Yay Olimpiya Oyunlarını boykota çağırır və ona tərəfdaş çıxan bir çox ölkə (65 ölkə) Olimpiya Oyunlarında iştirakdan imtina edir. Buna baxmayaraq Moskva Olimpiadası yüksək səviyyədə təşkil olunur. Bu Olimpiadada Azərbaycanın 6 idmançısı SSRİ komandasının heyətində çıxış edir və hər biri vətənə Olimpiya mükafatı ilə dönür. Larisa Savkina həndbol üzrə Olimpiya çempionu olur. Vasili Yakuşa birnəfərlik qayıqda, Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov akademik avarçəkmənin digər növü üzrə gümüş medallar, Tatyana Şvıqanova qadınlar arasında otüstü xokkey yarışlarında bürünc mükafat əldə edirlər.

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Oyunlarının siyasətdən kənar olmasına dair çağırışlarına baxmayaraq, Olimpiya Oyunlarının bütün dövrlərdə qismən siyasi təsirlərə məruz qaldığı müşahidə olunmuşdur. 1980-ci il Moskva Olimpiadasının boykot edilməsinə cavab olaraq 1984-cü ildə Los-Ancelesdə (ABŞ) keçirilən XXIII Olimpiya Oyunlarına Sovet İttifaqı və onun on üç kommunist müttəfiqi qatılmır. Beləliklə, bir olimpiya dövrü ərzində (4 il) möhtəşəm idman bayramına hazırlaşan, kommunist rejimində yaşayan atletlər olimpiyaçı olmaq imkanından məhrum olur.

Seul Olimpiya Oyunları (1988) Olimpiya tarixində nəzərəçarpan inkişafla xatırlanır. Bu Olimpiadada iştirakçı ölkələrin və idmançıların sayı əvvəlki Monreal və Moskva Olimpiya Oyunlarından təqribən iki dəfə artıq idi. Sevindirici hal odur ki, bu yarışlarda respublikamızın təmsilçilərinin də sayı əvvəlki Olimpiadalara nisbətdə böyük fərqlə artaraq 18 nəfərə çatmışdı. İdmançılarımız yeddi idman növü üzrə mübarizədə iştirak etmişdilər. Bu, böyük irəliləyiş idi. Avarçəkmə üzrə on bir təmsilçimizdən Vasili Yakuşa (ikinəfərlik qayıqda) bürünc medal, Aleksandr Lukyanov isə (səkkiznəfərlik qayıqda) gümüş medal qazanır. Qeyd etmək lazımdır ki, sovet avarçəkənləri XXIV Yay Olimpiya Oyunlarına 1980-ci illərdə Azərbaycanda istifadəyə verilmiş «Kür» olimpiya avarçəkmə bazasında hazırlıq keçmişdilər. Həndbolçu Elina Quseva Sovet komandasının tərkibində bürünc medal qazanaraq Azərbaycan həndbol məktəbinin növbəti dördüncü Olimpiya mükafatçısı olur. Azərbaycan idmançıları İlqar Məmmədov və Boris Koretskinin daxil olduğu SSRİ-nin rapira üzrə komandası qızıl medala layiq görülür. Sovet futbolçularının da qazandığı Olimpiya qızılından həmyerlimiz İqor Ponomaryovun simasında Azərbaycana pay düşür (qızıl medal). Beləliklə, SSRİ-nin tərkibində Olimpiya Oyunlarında son çıxışından idmançılarımız Azərbaycana altı Olimpiya mükafatı - üç qızıl, bir gümüş, iki bürünc medal gətirir. Digər idman növlərində təmsil olunan idmançılarımızdan Məhyəddin Allahverdiyev (yunan-Roma güləşi üzrə üç qat dünya çempionu) bu yarışlarda dördüncü, stolüstü tennisçi Valentina Popova isə altıncı olmuşdular.

Seul Olimpiya Oyunlarında xalqımız daha bir sevinc və qürur hissini Azərbaycan güləş məktəbinin yetirməsi, həmin dövrdə Belarusda yaşayan Kamandar Məcidovun Olimpiya çempionu titulunu qazanması ilə yaşadı.

Beləliklə, Azərbaycanın Sovet İttifaqının tərkibindəki 36 illik Olimpiya dövrü (1952-1988-ci illər), doqquz Olimpiya Oyunlarında iştirakı şanlı səhifələrlə tarixə yazılmışdır. Azərbaycan idmançılarının Sovet Olimpiya komandasının tərkibinə daxil edilməsi əslində çox ağır bir proses idi. İlk növbədə 15 respublika idmançıları arasında ən güclü olduğunu sübut etmək lazım idi. Bundan əlavə, milli mənsubiyyətlə bağlı seçim qarşısında xalqımızın nümayəndələri heç də üstün mövqeyə malik deyildilər. Bütün bunlarla yanaşı, müstəqil Azərbaycan Respublikasının idman şərəfini möhtəşəm Olimpiya Oyunlarında layiqincə qorumaq üçün xalqımızın kifayət qədər böyük potensialı, mütəxəssisləri, idmançıları, təcrübəsi və qələbə əzmi vardı və bu potensial müstəqillik dövründə yenidən möhtəşəm nailiyyətlər əldə olunmasına şərait yaratdı.

Müstəqillik dövrünün Olimpiya sevincləri

1992-ci il Barselonada keçirilən XXV Yay Olimpiya Oyunları ilə ondan əvvəl Seul Olimpiya Oyunları (1988) arasındakı tarixi dövr dünyanın siyasi vəziyyəti və xəritəsində ciddi dəyişikliklərlə yaddaşlara həkk olundu. İlk növbədə SSRİ-nin dağılması ilə soyuq müharibəyə son qoyuldu və Olimpiya Oyunlarının boykotuna səbəb olan münasibətlər çözüldü. Cənubi Afrika, Şimali Koreya və Kuba Oyunlara yenidən qatıldı, Almaniya bir bayraq altında birləşərək mübarizəyə qoşuldu və SSRİ-nin dağılması ilə on iki keçmiş sovet respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası şəklində Olimpiya Oyunlarında iştirak etməli oldular. Post-sovet respublikalarının müstəqillik əldə etmələrinə baxmayaraq, suveren dövlət kimi Barselona Olimpiadasında iştirak edə bilməməsinin səbəblərindən biri idmançıların Oyunlara lisenziya qazanmaq uğrunda çıxış etdikləri yarışlarda hələ müstəqil dövlətlərini təmsil edə bilməməsi, digər səbəb isə yeni müstəqillik əldə etmiş dövlətlərin Milli Olimpiya Komitələrinin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən hüquqi qurum kimi tanınmaması idi. Bunun üçün tələb olunan prosedurların həyata keçirilməsi vaxt etibarilə mümkün olmamışdı. Bunları nəzərə alaraq Beynəlxalq Olimpiya Komitəsi keçmiş sovet respublikalarının idmançılarını MDB komandası şəklində, Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirakına icazə verir. Oyunlar zamanı komanda yarışlarında Beynəlxalq Olimpiya Komitəsinin bayrağı və himninin, şəxsi birinciliklərdə isə idmançının təmsil etdiyi ölkənin bayrağının və himninin istifadə edilməsi qərarlaşdırılır. XXV Yay Olimpiya Oyunlarının açılış mərasimində MDB komandası Beynəlxalq Olimpiya Komitəsinin və Birlik üzvü olan ölkələrin bayraqları altında meydana daxil olur.

Azərbaycan idmançıları Nazim Hüseynov, Valeri Belenki, İlqar Məmmədov, Valeri Timoxin və Valentina Papova tarixdə ilk dəfə Olimpiya stadionunda müstəqil Azərbaycan dövlətinin bayrağı altında dövrə vurdular. Sadəcə bu yürüşün yenicə müstəqillik qazanmış xalqımız üçün nə qədər dəyərli və qürurverici olduğunu xatırlamaq özü insana yenidən ruh və həyəcan hissləri yaşadır.

Dünyanın ən mötəbər idman yarışında əldə etdiyi qızıl medalla müstəqil dövlətimizin bayrağını ucaltmaq və himnini səsləndirmək şərəfi cüdoçumuz Nazim Hüseynova nəsib oldu. Digər idmançımız Valeri Belenki gimnastika yarışlarında komanda hesabında birinci yer tutaraq qızıl, şəxsi hesabda isə üçüncü yer tutaraq bürünc medal qazandı. Bu nəticələr xalqımızın müstəqillik tarixinin ilk şanlı səhifələrindən idi. Keçid dövrünün ağır sosial-iqtisadi problemləri, torpaqlarının işğalı və qeyri-stabil siyasi durumun gərginliklərini yaşayan xalqımız üçün bəşəriyyətin belə mötəbər tədbirində müstəqil dövlətinin bayrağının ucaldığını görmək, dahi Üzeyirin xalqımızın coşqu dolu ruhunu şövqlə ifadə etdiyi müstəqil Azərbaycan Respublikasının himninin bütün dünyaya səsləndirilməsini müşahidə etmək kövrək addımlarla irəliləyən dövlətimizin gələcəyinə, əzmkarlıqla hər cür çətinliyi dəf edəcəyinə inam hissi yaradırdı. Bu, həmin dövrdə xalqımız üçün çox şeydən vacib idi.

Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk dəfə təmsil olunması Müasir Olimpiya Oyunlarının yüz illik yubileyinə təsadüf etdi. 1896-cı ildə yenidən bərpa edilmiş I Müasir Olimpiya Oyunlarından (Afina, Yunanıstan) düz bir əsr sonra, say etibarilə XXVI olan Olimpiada Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində (1996-cı il) təşkil edilmişdi. 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi artıq Azərbaycan Milli Olimpiya Komitəsini rəsmi olaraq tanıdığından bu möhtəşəm idman bayramının açılış mərasimində Azərbaycan Respublikasının adı ilk dəfə müstəqil dövlət kimi səsləndi. Müstəqil Azərbaycan Atlanta Olimpiadasında iyirmi üç idmançı ilə təmsil olunurdu. Əslində bu rəqəmin özü böyük irəliləyiş idi.

Təbii ki, bu irəliləyişlərə təkan verən əsaslar ölkəmizin ictimai-siyasi həyatındakı ciddi dəyişikliklərlə bağlı idi. 1993-cü ildə xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində respublikada stabillik yaranır, dövlət quruculuğu istiqamətində ciddi addımlar atılırdı. Görülən qlobal işlər çərçivəsində gənclərin problemləri və idman sahəsinin demək olar ki, dağıdılmış maddi texniki bazası və sisteminin yenidən bərpası məsələləri də uzaqgörən siyasətçinin diqqətindən kənarda qalmırdı. 1993-cü ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində Azərbaycan Prezidenti seçilmiş Heydər Əliyev artıq 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılması haqqında fərmanı imzalamışdı. Bu fərmanda yeni yaradılmış nazirliyin başlıca fəaliyyət istiqamətləri müəyyən edilmiş, müstəqil dövlətin amallarına cavab verən mütərəqqi gənclər qüvvəsinin hazırlanması üçün tələb olunan dəstəklə yanaşı, ölkədə bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, maddi-texniki bazasının inkişaf etdirilməsi, beynəlxalq idman əlaqələrinin genişlənməsi və digər bu kimi məsələlərin də dövlət gənclər və idman siyasətinin əsasını təşkil etdiyi vurğulanırdı. Gənclər və İdman Nazirliyinin müəyyən olunmuş vəzifələrinin icrasına göstərdiyi səylər, eləcə də qarşıdakı Atlanta Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikasının Prezidentinin 1995-ci ildə imzaladığı xüsusi sərəncamın yerinə yetirilməsi sayəsində idmançılarımız ciddi hazırlıq keçərək, lisenziyalar və xüsusi iştirakçı dəvətləri əldə edə bilmiş, XXVI Yay Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək Azərbaycanın Olimpiya komandasının heyətinə daxil olmuşdular.

1995-ci ilin mart ayının 5-də ölkə prezidenti Heydər Əliyevin idman ictimaiyyəti ilə görüşdə etdiyi çıxışı və Barselona Olimpiya Oyunlarının qalibi Nazim Hüseynovun Şöhrət ordeni, digər on iki idmançının isə Tərəqqi ordeni ilə təltif olunması haqqında verdiyi fərman respublikada bədən tərbiyə və idman sahəsinin inkişafına dövlətin xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyərək, bu sahədə çalışan mütəxəssis və idmançılara yeni ruh verdi. 1996-cı ilin iyununda ilk milli Olimpiya komandamızın Atlanta Oyunlarına yolasalma mərasimi də unudulmaz anlar kimi xatirələrə həkk olundu. Ulu Öndər həmin tədbirdə olimpiyaçılarımıza belə mötəbər yarışda iştirak etməyin xalqımız üçün əlamətdar hadisə olduğunu və idmançılarımızın uğurlarına inandığını söyləmişdi. Bu görüşdə idmançılarımız da qələbə uğrunda əzmlə mübarizə aparacaqlarına və ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə and içdilər.

İdmanın müxtəlif növlərində çıxış edən olimpiyaçılarımız (yüngül atletika, Yunan-Roma güləşi, sərbəst güləş, cüdo, boks, ağır atletika, qılıncoynatma, üzgüçülük, suya tullanma, atıcılıq idman növü) həqiqətən əzmlə yarışaraq idmansevərlərin xatirəsində iz qoymağı bacardılar. Boksçu Ədalət Məmmədov, cüdoçu Zülfiyyə Hüseynova, atıcı İradə Aşumova, güləşçi Məmməd İbrahimov təmsil etdikləri idman növü üzrə ən yaxşı on idmançı sırasında yer aldılar. Olimpiya Oyunlarında ilk dəfə iştirak edən komandamız üçün bu, şübhəsiz, yüksək nəticə idi. Xalqımız isə idmançılarımızın Olimpiya Oyunlarından mükafatla dönəcəklərinə inanır və müstəqil dövlətimizin bayrağının uzaq Amerikada dünya xalqlarının gözü qarşısında ucalacağı anı səbirsizliklə gözləyirdilər. Nəhayət, bu xoşbəxt anı sərbəst güləş üzrə idmançımız, o zaman ikiqat Avropa çempionu Namiq Abdullayev xalqımıza bəxş etdi. Böyük əzmkarlıq və professionallıq nümayiş etdirən güləşçimiz Olimpiya Oyunlarının gümüş mükafatına layiq görüldü. Beləliklə, Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk iştirakı Olimpiya medalı ilə nəticələndi. Bu Olimpiadada idmançılarımızın əldə etdiyi nailiyyətlər artıq ayrıca olaraq Azərbaycan Respublikasının adına yazılır. Bununla da həm xalqımızın və Olimpiya Oyunlarının tarixində yeni səhifə açıldı. 197 iştirakçı dövlət arasında 61-ci yeri tutmaq, şübhəsiz, böyük qələbə idi. Bu qələbə Azərbaycan xalqı və rəhbərliyi tərəfindən layiqincə dəyərləndirildi. Olimpiya mükafatçısı Namiq Abdullayev Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatı - “Şöhrət” ordeni ilə təltif edildi.

1996-cı ildə Azərbaycan idman tarixində daha bir əlamətdar hadisə baş verdi. Bu, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılması və ilk dəfə olaraq milli Paralimpiya komandasının Yay Paralimpiya Oyunlarında iştirakı idi. Cəmi iki idman növü (atletika və pauerlifting) və iki idmançı ilə (Aleksandr Antofi və Gündüz İsmayılov) X Yay Paralimpiya Oyunlarından (Atlanta, 1996) başlanan bu yol sonralar şanlı zəfər yoluna çevriləcəkdi.

Atlanta Olimpiya və Paralimpiya Oyunlarından sonra ölkənin idman ictimaiyyəti bu mötəbər idman tədbirinə hazırlığın çox ciddi bir proses olduğunu dərk edərək, mövcud imkanları təhlil edib, çatışmazlıqların aradan qaldırılmasının operativ yollarını araşdırmağa başladı. Hərçənd, ölkədə dövlətin idman siyasətini həyata keçirən qurum - Gənclər və İdman Nazirliyi fəaliyyət göstərirdi və qarşıya qoyulmuş məsələləri optimal surətdə həll etməyə çalışırdı. Buna baxmayaraq, keçid dövrünün çoxsaylı problemlərinin həllində, baxımsızlıq üzündən yararsız hala düşmüş idman qurğuları və bazaları, sosial təminat problemləri ucbatından ölkəni tərk etmiş idman mütəxəssisləri və idmançıları vətənə qaytarmaq üçün tələb olunan təxirəsalınmaz danışıqlar, beynəlxalq idman təşkilatlarının tələblərinə müvafiq iş qurmaq bacarığı olan mütəxəssislərin hazırlanması, bədən tərbiyəsi və idmanın təşkilati və hüquqi bazasının təkmilləşdirilməsi və digər vacib məsələlərin çözülməsində yardımçı ola biləcək ictimai quruma ehtiyac duyulurdu. Növbəti Olimpiya Oyunlarına hazırlıq və lisenziyaların əldə edilməsi üçün hazırlığın müvəffəqiyyətli olması üçün vaxt itirmədən fəaliyyətə başlamaq lazım gəlirdi. Təəssüf ki, o dövrdə mövcud olan Milli Olimpiya Komitəsinin fəaliyyəti qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün qənaətbəxş deyildi və bu vəziyyət respublikanın idman ictimaiyyətini narahat edirdi. Nəhayət, 1997-ci ilin iyul ayında Milli Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilmiş qərar ölkəmizdə Olimpiya hərəkatının, eləcə də ümumilikdə bədən tərbiyəsi və idmanın inkişafında kəskin dönüş yaranmasına səbəb oldu. O zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev idman ictimaiyyətinin təklifini qəbul etdi və Milli Olimpiya Komitəsinin Baş Məclisində keçirilmiş seçkilərin nəticəsinə əsasən bu qurumun yeni prezidenti seçildi. Bu seçimlə ölkəmizdə bədən tərbiyəsi və idmanın yeni dirçəliş dövrü başlandı.

1997-ci il dekabrın 23-də “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Bu, bədən tərbiyəsi və idmanın hüquqi bazasını təmin edərək, sahənin gələcək inkişafının möhkəm təməlini qoydu. 1998-ci ilin fevral ayında isə növbəti XXVII Sidney Yay Olimpiya Oyunlarına (2000) hazırlıqla bağlı dövlət başçısı Heydər Əliyev xüsusi Sərəncam imzaladı. Sərəncama əsasən yaradılmış təşkilat komitəsinə və Nazirlər Kabinetinə idmançılarımızın Sidney Olimpiya Oyunlarına hazırlığı ilə bağlı Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırıldı. Bu isə idmançıların və idman mütəxəssislərinin dövlət qayğısı altında hədəfə doğru peşəkarcasına irəliləmələrinə zəmanət verirdi.

Beləliklə, dövlətin ölkədə sağlam həyat tərzinin təbliğinə və Olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət günbəgün artmaqda idi. 1998-ci ildə Yeniyetmələrin Respublika Oyunlarının keçirilməsi ilə ölkədə gənc nəslin bədən tərbiyəsi və idmandan kütləvi şəkildə yararlanmasına dövlət tərəfindən xüsusi dəstək verildiyi və bu fəaliyyətin təkmilləşdirilməsinə əlaqədar təşkilatların cavabdeh olduğu bir daha diqqətə çatdırıldı.

Bütün bunlarla yanaşı, Milli Olimpiya Komitəsinin rəhbərliyi ölkədə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və beynəlxalq idman əlaqələrinin genişləndirilməsinə böyük səy göstərir və çox təbii ki, bu fəaliyyət beynəlxalq idman ictimaiyyətinin diqqətindən yayınmır. Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Hərəkatına fəal inteqrasiyasına kömək edirdi. Artıq Azərbaycan beynəlxalq idman tədbirlərinin keçirilməsinə ev sahibliyi etmək etimadını qazanmışdı. Olimpiya Oyunlarına lisenziya almaq uğrunda müxtəlif beynəlxalq yarışlarda iştirak etmək üçün idmançılarıma hər bir şərait yaradılırdı. Bunun nəticəsi olaraq XXVII Sidney Yay Olimpiya Oyunlarında Olimpiya komandamız 31 idmançı ilə təmsil olunmaq hüququ qazandı.

Olimpiya Oyunlarına yolasalma mərasimdə çıxış edən Prezident Heydər Əliyev demişdir: “Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi dünya birliyinin bərabərhüquqlu bir üzvü kimi bu Olimpiya Oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini səsləndirəcək... Əmin olduğumu bildirirəm ki, Azərbaycan idmançıları XXVII Yay Olimpiya Oyunlarında böyük uğur qazanacaq və Azərbaycanın şan-şöhrətini daha da yüksəldəcəklər”. İdmançılarımız bu xeyir-dua ilə Avstraliyanın Sidney şəhərində keçiriləcək Olimpiya Oyunlarına - XX əsrin son Olimpiadasına yola düşdülər.

Sidney Olimpiya Oyunları Ulu Öndərimizin xeyir-duasından ruhlanan Olimpiya komandamız üçün çox uğurlu oldu. Səkkiz idman növündə dünyanın ən güclü idmançıları ilə mübarizə aparan olimpiyaçılarımız yüksək nailiyyətlər əldə etməyə nail oldular. İlk Olimpiya qızılını iki Olimpiya rekordu ilə stend atıcılığı idman növündə çıxış edən idmançımız Zemfira Meftahəddinova əldə etdi və Olimpiya çempionu adını qazandı. Bu mötəbər yarışda çempionluq titulu ötən Olimpiya Oyunlarının gümüş mükafatçısı Namiq Abdullayevə də nəsib oldu. Namiq Abdullayev böyük əzmkarlıq nümayiş etdirərək, böyük tarixi ənənələrə malik Azərbaycan güləş məktəbinin Olimpiya Oyunlarının ən yüksək kürsüsündə yer almaq iqtidarında olduğunu sübut etdi. İdmançılarımızın Sidney Olimpiya Oyunlarında əldə etdiyi növbəti yüksək nailiyyət on doqquz yaşlı boksçumuz Vüqar Ələkbərovun Olimpiya bürüncü oldu. Beləliklə, iki qızıl, bir bürünc medalla Azərbaycan Sidney Olimpiya Oyunlarında 199 iştirakçı ölkə sırasında 34-cü yeri tutdu. Müstəqil dövlət kimi ikinci dəfə belə mötəbər yarışda iştirak edən ölkə üçün bu, çox yüksək nəticə idi. Qeyd edək ki, bir sıra idmançılarımız da Olimpiya mükafatı əldə etməsələr də, təqdirəlayiq nəticə göstərərək birinci onluqda yer aldılar. Məsələn, cüdo üzrə idmançılarımız Rəsul Səlimov beşinci, Elçin İsmayılov və Zülfiyyə Hüseynova isə yeddinci yer tuta bildilər. Yunan-Roma güləşçilərimizdən İslam Duquçiyev altıncı, Natiq Eyvazov yeddinci yerləri, sərbəst güləşçilərimizdən Şamil Əfəndiyev yeddinci, Rəcəb Əshəbəliyev doqquzuncu, Arif Abdullayev onuncu, boksçu Ruslan Xairov beşinci, ağırlıqqaldırma üzrə atletlərimiz Elxan Süleymanov səkkizinci, Turan Mirzəyev doqquzuncu, Təranə Abbasova onuncu yeri tutdular. Nizami Paşayev ümumi nəticədə on ikinci olsa da, gənclər arasında təkanla qaldırmada dünya rekordunu təzələdi.

Vətəndə olimpiyaçılarımızı böyük təntənə gözləyirdi. Xalq hava limanında övladlarını əsl qəhrəman kimi qarşıladı. Olimpiyaçılarımıza və onların məşqçilərinə həm dövlət tərəfindən, həm də Milli Olimpiya Komitəsi tərəfindən xüsusi mükafatlar təsis edilmişdi. Xalqımız idmançılarımız qələbələri ilə fəxr edir və bu fəxarətin arxasında inamlı zəfərlər əldə etmək iqtidarında olan gənclər yetişdirən bir dövlətin durduğundan qürur duyurdu.

Sidneydə Azərbaycan idmançılarının qələbələri yalnız bununla məhdudlaşmadı. Olimpiya Oyunlarında bir qədər sonra Sidneyin idman meydanları XI Yay Paralimpiya Oyunlarına (Sidney 2000) açıldı. Paralimpiya Oyunlarına ikinci dəfə qatılan idmançılarımız bu dəfə yeddi idmançı ilə üç idman növündə təmsil edilirdilər. 1996-cı ildən Milli Paralimpiya Komitəsinin yaradılmasından ötən dövr ərzində bu istiqamətdə də xeyli işlər görülmüşdü. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə əlil idmanının inkişafına da diqqət artmışdı. Cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırmışdı və bu həssas münasibət Milli Olimpiya və Paralimpiya Komitələrinin müvafiq məsələlərdə səmərəli fəaliyyətinə təkan verdi.

2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ölkə Prezidenti Heydər Əliyevin və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin paralimpiyaçılarımızla görüşü, onların problemlərinin həllinə göstərdikləri diqqət, o cümlədən paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində beynəlxalq standartlara cavab verəcək yeni Paralimpiya İdman Kompleksinin tikilməsinə dair Sərəncam imzalanması ölkədə əlillərin cəmiyyətə inteqrasiyası üçün yeni imkanlar yaradacağına ümidi artırdı. Bu münasibət Paralimpiya hərəkatının inkişafına müsbət təsir göstərərək, idmançılarımızı da böyük uğurlara ruhlandırdı. Sidney Paralimpiya Oyunlarında kiçik çaplı tapançadan atəşaçma proqramında yarışan Yelena Taranova kişilərin mübarizəsinə qoşularaq (qadınların proqramında iştirakçılar normanı ödəyə bilmədiyindən) Paralimpiya Oyunlarının gümüş mükafatını əldə etdi. Daha sonra pauerliftinq yarışlarında çıxış edən Gündüz İsmayılov ardıcıl dörd dəfə dünya rekordunu yeniləyərək Oyunların çempionu adını qazandı. Təəssüf ki, sonra Gündüz İsmayılovun çempionluq titulu dopinq testinin nəticəsinə görə ləğv olundu.

Komandamızın bütün digər üzvləri də yarışlarda ilk onluqda mövqe tutdular. Atletikanın müxtəlif növlərində təmsil olunan idmançılarımız Aleksandr Antofi 5 min metr məsafəyə qaçışda doqquzuncu, marafonda altıncı yeri, Zeyniddin Bilalov uzunluğa tullanmada səkkizinci, 100 metr məsafəyə qaçışda doqquzuncu, Sərxan Əsədov nizəatmada səkkizinci yeri tutmağa nail olurlar. Pauerliftinq üzrə idmançılar Fuad Tarıverdiyev (82,5 kq) doqquzuncu, Mehman Ramazanov (100 kq) altıncı yerə çıxdılar. Müstəqil respublikamız Sidney Paralimpiya Oyunlarında əldə olunan bu nailiyyətlərlə 127 iştirakçı ölkə arasında 60-cı yeri tutdu.

Bakıya qayıtdıqdan sonra dövlət başçısı Heydər Əliyevin idmançılarımızı qəbul etməsi və onların nailiyyətlərini yüksək qiymətləndirməsi nəinki Azərbaycan Paralimpiya Hərəkatının gələcək uğurlarına yeni zəmin yaratdı, həmçinin bir çox fiziki qüsurlu insanlara ruh yüksəkliyi, həyata inam hissi bəxş etdi.

2000-ci ildə Milli Olimpiya Komitəsinin 1998-ci ildən başlayaraq idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir idman qurğularının yaradılması istiqamətində apardığı layihələrin artıq ilk nümunələri tamamlanaraq idman ictimaiyyətinə təqdim edildi. Bakıda ilk Olimpiya Kompleksi və Milli Olimpiya Komitəsinin yeni inzibatı binası istifadəyə verildi. Yeni idman qurğularının tikintisi nəinki paytaxtda, eləcə də ölkəmizin bütün regionlarında geniş vüsət aldı. Bu layihələr ölkədə idmanın kütləviliyinin artırılması, regional səviyyəli yarışların keçirilməsində paytaxtdan kənarda məşğul olan gənc idmançıların müasir idman qurğularından istifadədən zövq alması üçün gözəl imkanlar yaradır.

Yeni idman qurğuları həmçinin, ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili üçün də lazımı şəraiti təmin edir. Odur ki, 1999-cu ildən başlayaraq beynəlxalq idman tədbirlərini ölkəmizdə təşkil etmək bir ənənə halını almışdır. Ötən dövr ərzində Azərbaycanda təşkil edilmiş beynəlxalq səviyyəli yarışların sayı artıq yüzlərlə ölçülür və ilbəil artır.

Növbəti XXVIII Afina Yay Olimpiya Oyunlarına (2004) respublikamız artıq beynəlxalq idman aləmində formalaşmış müsbət imiclə, geniş maddi–texniki şəraitlə hazırlaşmaq imkanlarına malik idi. Bu dövrdə ölkəmizin ictimai-siyasi həyatında da vacib dəyişikliklər baş vermişdi. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdi. İndi onun üzərində daha böyük vəzifə və məsuliyyətlər vardı. Bununla belə, cənab Prezident bədən tərbiyəsi və idman sahəsinə diqqətini heç də azaltmadı. Azərbaycan idmançıları və mütəxəssislərinin isə “Bizim Prezidentimiz şəxsən Olimpiya Komitəsinə rəhbərlik edir” - söyləyərək qürur hissi keçirmələrinə imkan yarandı.

Cənab İlham Əliyevin həm ölkə idmanına, həm də ümumiyyətlə beynəlxalq Olimpiya Hərəkatının inkişafı üçün verdiyi töhfələr diqqətdən yayınmır. 2004-cü ilin aprel ayında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi görkəmli xidmətlərinə görə təşkilatın ən yüksək mükafatını - “Olimpiya Ordeni”ni təqdim edir. Bu, cənab Prezidentin böyük səylərinin yüksək səmərə verdiyinin, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etdiyinin beynəlxalq təşkilatlar tərəfindən tanınması deməkdir.

Müasir Olimpiya Hərəkatının, Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının 110 illik yubileyi ərəfəsində təşkil edilmiş Afina Olimpiadasına Azərbaycan Olimpiya komandası 38 idmançı ilə yola düşdü. Yolasalma mərasimində şəxsən iştirak edən Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev nümayəndə heyətinə uğurlar arzuladı. Afina Olimpiya Oyunlarında 12 idman növü üzrə çıxış edən idmançılarımız ötən Olimpiadalara nisbətən medalların sayını artıraraq beşə çatdırdı. Güllə atıcılığı üzrə idmançımız İradə Aşumova, Sidney Olimpiya Oyunlarının çempionu, stend atıcısı Zemfira Meftahətdinova, boksçularımızdan Ağası Məmmədov və Fuad Aslanov Oyunların bürünc mükafatını qazanaraq Azərbaycanın dövlət bayrağını mötəbər yarışda yüksəltməyə nail oldular. Xalqımızın səbirsizliklə gözlədiyi Olimpiya qızılı bu dəfə Yunan-Roma güləşçimiz Fərid Mənsurovun inamlı qələbələri sayəsində qazanıldı. Azərbaycan Respublikasının dövlət himni çoxminli tamaşaçıları ayağa qaldırdı, bayrağımız ən yüksəkdə dalğalandı. Bir qızıl, dörd bürünc medalla bu dəfə Azərbaycan 202 ölkə arasında 50-ci oldu.

Afina Oyunlarında iştirak edən idmançılarımızdan Vitali Rəhimov (Yunan –Roma güləşi), Rövşən Hüseynov, Ruslan Xairov (boks), Mehman Əzizov, Mövlud Mirəliyev (cüdo), Rüstəm Ağayev (sərbəst güləş), Rəşad Əhmədov (taekvondo), Turan Mirzəyev və Alan Naniyev (ağırlıq qaldırma) birinci onluqda yer tutmağa nail oldular.

Bakıya döndükdən sonra ənənələrə sadiq qalaraq, Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Yay Olimpiya Oyunlarının iştirakçılarını qəbul etdi. Əldə olunan nailiyyətləri yüksək dəyərləndirərək müvəffəqiyyət qazanmış idmançılarımız və onların məşqçilərini yüksək dövlət mükafatları ilə təltif etdi.

İdman meydançalarını Afina Olimpiya Oyunlarından təhvil alan XII Yay Paralimpiya Oyunlarına (Afina, 2004) Azərbaycan paralimpiyaçıları dörd idman növü üzrə on bir idmançı ilə qoşuldular.

Cüdo idman növündə ölkəmizi təmsil edən Qarabağ müharibəsində Vətən torpaqlarının müdafiəsi zamanı düşmən snayperinə tuş gələrək görmə qabiliyyətini itirmiş İlham Zəkiyev bu mötəbər yarışlarda xalqına zəfər gətirmək şansını əldən vermədi. O, Paralimpiya Oyunlarında qazandığı parlaq qələbələri ilə Azərbaycanın idman tarixində yeni səhifə açdı və ilk Paralimpiya çempionumuz oldu. Bu qələbə xalqımıza böyük sevinc bəxş etdi.

Afina Paralimpiya Oyunlarının atletika yarışlarında iştirak edən altı idmançılarımızdan ikisi xalqımızı yeni qələbələri ilə sevindirdi. Oleq Panyutin uzununa tullanma yarışlarında Paralimpiya çempionu adını qazandı, Zeyniddin Bilalov isə üç təkanla tullanma üzrə gümüş mükafatı əldə edə bildi. Sidney Paralimpiya Oyunlarının gümüş mükafatçısı Yelena Taranova bu dəfə bürünc medalla yenidən Paralimpiya mükafatçısı oldu. Beləliklə, dörd Paralimpiya medalı (iki qızıl, bir gümüş, bir bürünc) ilə XII Yay Paralimpiya Oyunlarında 136 ölkə arasında 45-ci yer tutan komandamızı vətəndə xalqımız və dövlətimiz layiqincə qarşıladı. Olimpiya qəhrəmanları yüksək dövlət mükafatları ilə təltif olundular.

Yeni Olimpiya dövrü ərzində idmançılarımız daha ciddi şəkildə növbəti XXIX Pekin Yay Olimpiya Oyunlarına (2008) hazırlaşır, müvafiq dövlət qurumları və Milli Olimpiya Komitəsi, milli idman federasiyaları bu hazırlığın keyfiyyətli olmasını təmin edirdi. Statistik məlumatlara görə, 2004-2008-ci illər ərzində respublikamızda qırx dörd beynəlxalq yarış keçirilmişdir. Bu yarışlar daha böyük sayda idmançılarımızın yarış təcrübəsi keçməsinə, o cümlədən Pekin Olimpiya Oyunlarına lisenziya qazanmalarına əlverişli şəraitin yaranması deməkdir. Həm təşkil edilən beynəlxalq yarışlar çərçivəsində, həm də gələcək əməkdaşlığı qurmaq və möhkəmləndirmək məqsədilə bir çox beynəlxalq idman təşkilatlarının rəsmilərinin Bakıya səfərləri və dövlət başçısı cənab İlham Əliyevlə görüşləri ölkəmizin beynəlxalq idman əlaqələrinin genişlənməsinə, daha böyük idman layihələrinə cəlb olunmasına yeni imkanlar açdı.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə “Bədən tərbiyəsi və idman günü” olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.

2007-ci ildə bir müstəqil dövlət kimi çox gənc olan və postsovet respublikalarının bir çoxunun hələ də keçid dövrünün çətinliklərini yaşadığı halda Azərbaycanın dünyanın ən mötəbər idman tədbiri sayılan Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiası çoxlarının təəccübünə səbəb oldu. Əlbəttə, o zaman idman infrastrukturunun formalaşdırılması istiqamətində əsaslı irəliləyişə nail olmuş Azərbaycanın bu addımı dünyaya yalnız idmanın inkişafı ilə bağlı deyildi, eyni zamanda , ölkəmizin ümumən iqtisadi imkanlarının, stabil siyasi durumun bu gün və gələcək illərdə belə bir möhtəşəm tədbirin keçirilməsinə cavab verdiyinə dövlətin təminatı haqqında bir mesaj idi. 2016-cı il Olimpiya Oyunlarının təşkili üçün iddiaçı şəhər kimi qeydə alınan paytaxtımız Bakının bu gərgin mübarizədə qalib çıxacağına əslində böyük ehtimal olmadığını anlasaq da, bundan ölkəmiz hər bir halda fayda əldə edirdi. Ölkəmizin, dövlətimizin imkanlarını təbliğ etmək, belə böyük layihələrdə iştirak edərək təcrübə toplamaq gələcək uğurları şərtləndirən amillərdən idi. Bütün bunlar Azərbaycan idmansevərləri üçün də, dövlətimiz üçün də böyük stimul yaradırdı.

Azərbaycanın Olimpiya Hərəkatının geniş vüsət aldığı idman ölkəsinə çevrildiyini XXIX Yay Olimpiya Oyunlarına (Pekin 2008) qırx dörd idmançı ilə qoşulan Olimpiya komandamızın nailiyyətləri bir daha təsdiqlədi. Pekin Olimpiya Oyunlarına yolasalma mərasimində olimpiyaçılara müraciət edən Prezident İlham Əliyev öz nitqində söyləyirdi: “Mən əminəm ki, Olimpiya Oyunlarında doğma vətənimizi həmişə olduğu kimi ləyaqətlə təmsil edəcəksiniz. ...Siz bilin ki, bütün vətənpərvər Azərbaycan vətəndaşları bu oyunları izləyəcəklər, sizin qələbənizi gözləyəcəklər və Azərbaycana qələbə ilə qayıdanda sizi böyük təntənə ilə qəbul edəcəklər. Sizə uğurlar, qələbələr arzulayıram”. On idman növündə mübarizə aparan Olimpiya komandamızın üzvlərinin də gərgin mübarizədə Prezidentimizin onlara bəslədiyi ümidləri və vətəni ləyaqətlə təmsil edəcəkləri haqda verdikləri vədi doğruldaraq vətənə Olimpiya medalı ilə döndülər.

Pekin Olimpiya Oyunlarında ən yüksək nailiyyət cüdoçu Elnur Məmmədliyə müyəssər oldu. Elnurun möhtəşəm qələbəsi Azərbaycan himninin əzəmətli akkordları ilə müşayiət edildi. Olimpiya qələbəmizi vətənimizdə, eləcə də vətəndən uzaqda yaşayan azərbaycanlılar da qeyd etdilər. Güləşçimiz Rövşən Bayramov və Vitali Rəhimov da böyük ustalıq nümayiş etdirdilər. Onlar Olimpiadanın gümüş mükafatını əldə edərək bayrağımızı yüksəltməyə nail oldular. Daha dörd idmançımız Pekində dövlət bayrağımızı dalğalandırdı. Cüdoçu Mövlud Mirəliyev, sərbəst güləşçilər Xetaq Qazyumov, Mariya Stadnik və boksçumuz Şahin İmranov Pekin Olimpiya Oyunlarında bürünc medallar qazanaraq ölkəmizin Olimpiya tarixinə öz adlarını həkk etdirdilər. Bu minvalla Olimpiya komandamız 204 ölkə arasında 39-cu yerə yüksəldi. Pekində qazanılan parlaq zəfərlərin dəyərini olimpiyaçılarımız Azərbaycana döndükdə, elə hava limanındaca hiss edə bildilər. Dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında” Sərəncamı bu yüksək qələbəni bir daha dəyərləndirdi.

2008-ci ilin sentyabr ayında Çin Xalq Respublikası XIII Yay Paralimpiya Oyunlarına da ev sahibliyi etdi. Azərbaycan Paralimpiyaçıları bu yarışlara böyük ruh yüksəkliyi ilə qatılmışdılar. Belə ki, Paralimpiya Oyunlarına yollanmaqdan öncə, onlar beynəlxalq standartlara uyğun inşa edilmiş yeni Paralimpiya Kompleksini təhvil almışdılar. Kompleksin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev paralimpiyaçıları yeni idman qurğusunun istifadəyə verilməsi münasibəti ilə təbrik etdi və Pekin Paralimpiya Oyunlarında uğurlar arzuladı. Bu yüksək əhval-ruhiyyənin və hazırlığın nəticəsində Pekin Olimpiya Oyunlarında 18 idmançı ilə dörd idman növündə (7 cüdoçu, 7 atletika, 3 poverliftinq, 1 atıcılıq) mübarizəyə qatılan paralimpiyaçılarımız on medal əldə etdilər. Onlardan ikisi qızıl, üçü gümüş, beşi isə bürünc medal idi. Azərbaycan cüdo məktəbinin Pekin uğurları Paralimpiya Oyunları ilə davam etdi. Afina Paralimpiya Oyunlarının çempionu, cüdoçu, İlham Zəkiyev Pekində də dövlət himnimizi səsləndirməyə nail oldu. Digər cüdoçularımızdan Tofiq Məmmədov və Kərim Sərdarov gümüş, Ramin İbrahimov isə bürünc medal qazandılar. Digər altı medal isə atletikanın müxtəlif növlərində əldə edildi. Nüvə atma yarışlarında mübarizə aparan Oloxan Musayev Paralimpiya Oyunlarının ən yüksək pilləsinə qalxaraq xalqımıza bir daha qələbə sevincini yaşatdı. Üçtəkanla tullanma yarışlarında isə atletlərimiz Zeyniddin Bilalov gümüş, Vladimir Zayets isə bürünc mükafata layiq görüldülər. Pekin Paralimpiya Oyunlarının çempionu Oleq Panyutin uzunluğa tullanma, Rza Osmanov 400 m məsafəyə, Vüqar Mehdiyev isə 200 m məsafəyə qaçışda komandamızın hesabına daha üç bürünc medal əlavə etdilər. Vüqar 100 m məsafəyə qaçışda da iştirak edərək dördüncü nəticə göstərə bildi. 146 ölkə arasında 38-ci yerə yüksələn Azərbaycan Paralimpiya komandası əvvəlki nəticələrini əhəmiyyətli dərəcədə yüksəltməyə nail oldu.

Olimpiya Hərəkatı həm dünyada, həm də ölkəmizdə durmadan inkişaf edir. Beynəlxalq Olimpiya Hərəkatı bir əsr bundan öncə baron Pyer de Kubertenin və digər mütəfəkkirlərin Olimpiya fəlsəfi ideyalarını müasir dövrün tələbləri və imkanlarına müvafiq olaraq daha da genişləndirməyə, bu hərəkatın ümumbəşər əhəmiyyətini qoruyaraq əhatəsini ilbəil genişləndirməyə çalışır. Olimpiya ailəsinin qısa müddətdə fəal üzvlərindən birinə çevrilən Azərbaycan da bu hərəkata öz töhfələrini verir. Ölkədə idman qurğularının sayı və imkanları genişləndirilir. Yeni Olimpiya dövrü ərzində təşkil edilmiş həm respublika, həm də beynəlxalq səviyyəli yarışların sayı ilbəil artır və buna paralel olaraq idman nailiyyətlərimiz də yüksəlir. Respublikamızda idman yönümlü təşkilatların rəsmi tədbir və yığıncaqlarının, o cümlədən konfransların təşkili idman sahəsində təşkilati və idarəetmə işlərinin səviyyəsinin yüksəlməsinə müsbət təsir edir. Bu eyni zamanda qarşıya yüksək məqsədlər qoymuş Azərbaycan idmanının elmi inkişafına daha böyük diqqət ayrılmasının zəruriliyini önə çəkir.

Hər bir fəaliyyət sahəsinin olduğu kimi, bədən tərbiyəsi və idman fəaliyyətinin cəmiyyətdə səmərəliliyinın əsası da onun hüquqi bazasına söykənir. Odur ki, 2009-cu ildə təsdiq edilmiş “Bədən Tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində təşkilati-hüquqi, sosial-iqtisadi əsasları, dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, bu fəaliyyətlər zamanı yaranan münasibətlərin tənzimlənməsi, respublikamızda hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnu təmin etmək üçün əsaslı hüquqi baza yaradır.

Sosial və mədəni həyatın ayrılmaz hissəsi olan idman fəaliyyəti müxtəlif münasibətlər və hadisələr, o cümlədən əməkdaşlıq, dostluq və rəqabət kimi sosial münasibətlər əsasında realizə olunur. Bu gün həyatımızın bütün istiqamətlərinə sirayət edən idmanın bir sıra qlobal, yaxud kiçik və həssas problemlərin həllinə təsir edə bilən bir amil kimi tanınması, məhz onun sosial xarakterli və hər kəsə əlçatan olmaq xüsusiyyətindən irəli gəlir. Lakin onun həyatımızda geniş yer alması ilə, bu fəaliyyətin insan davranışına təsir edə bilən müxtəlif sosial-psixoloji vəziyyətlərdə insanın şəxsi keyfiyyətlərinin, fərdlərin və təşkilatların maraqlarının, dəyərlərinin, səlahiyyətlərinin toqquşması hallarının baş verməsinin də nisbətdə artmaq ehtimalı vardır. Bütün bu vəziyyətlərin tənzimlənməsi bədən tərbiyəsi və idmanın idarə edilməsində hüquqi və sosial normalar sistemi və onlara müvafiq nəzarət sistemi ilə həyata keçirilir. Beynəlxalq Olimpiya Komitəsinin Xartiyasında yer alan fundamental prinsiplərə dair altı bənddən dördüncüsündə yazılır:

“ İdmanla məşğul olmaq insan hüquqlarından biridir. Hər kəs heç bir ayrı-seçkiliyə məruz qalmadan Olimpiya ruhunda, yəni dostluq, əməkdaşlıq və ədalətli oyun ruhunda qarşılıqlı anlaşma şəraitində idmanla məşğul olmaq imkanına malik olmalıdır.”

Olimpizm idealları “ədalətli oyun” anlayışında özünü əsasən ifadə edə bilir. Ədalətli Oyun prinsipləri hüquqi nizamlama ilə sosial nizamlama arasında əlaqələndirici mövqeyə malik, cəmiyyətdə, hətta hüquqi nizamlamanın həyata keçirilməsində meydana gələ bilən boşluqları (məsələn, hüquqi maariflənmə prosesi yubandıqda) ümumbəşəri dəyərlərə söykənərək şəxsiyyətin və cəmiyyətin xeyrinə ədalətli nizamlanmasına xidmət edən dünyagörüşünə əsaslanır.

Yalnız idman deyil, həyat fəlsəfəsi olan Olimpizm, idman və ədalətli oyun prinsipləri vasitəsilə idman mübarizəsində ədalətli rəqabət, idman fəaliyyətinin insana fayda vermək imkanlarından hər kəsin faydalana bilməsi, bu prosesdə neqativ halların baş verməsinin minimuma endirilməsi məqsədilə Olimpiya Hərəkatının böyük bir qolu olan Ədalətli Oyunlar Hərəkatının inkişafına təkan verir. Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci ildən üzvü olduğu Avropa Ədalətli Oyunlar Hərəkatı təşkilatın Baş Məclisini və 15-ci Konqresini 2009-cu ildə Bakıda keçirməyi qərara alır. “Ədalətli Oyunlar mədəniyyətlərarası dialoqda” mövzusuna həsr olunmuş bu konqres beynəlxalq ictimaiyyətin və mütəxəssislərin ölkəmizdə, müxtəlif mədəniyyətlərin qovuşduğu Bakı şəhərində görüşüb, bəşəriyyətin ən aktual məsələlərinin həllində idmanın rolu haqqında mühakimələr yürütməsinə şərait yaradır. Bu beynəlxalq tədbir ölkəmizin idman ictimaiyyətinin də böyük marağına səbəb olur.

Avropa Ədalətli Oyunlar Hərəkatının təsis etdiyi ilk Şərəf nişanı ölkədə idmanın, Olimpiya və Ədalətli Oyunlar Hərəkatlarının inkişafına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi. Ölkə Prezidenti 2010-cu ildə isə əlil idmanının inkişafına göstərdiyi böyük diqqətə görə Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən Fəxri mükafatla təltif olundu.

2011-ci ölkə idmançılarının müxtəlif beynəlxalq yarışlarda şanlı qələbələri ilə birgə Bakının 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddiaçı şəhər kimi qeydiyyata alınması ilə də tarixə düşmüşdür. Müstəqillik əldə etdikdən sonra artıq ikinci dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasını irəli sürməsi ölkəmizin Olimpiya Hərəkatına verdiyi böyük önəmin göstəricisidir. Bəşəriyyətin ən möhtəşəm idman tədbirinin ölkəsində keçirilməsi hər bir xalq üçün böyük şərəf, məsuliyyət və mənfəət deməkdir. Dünyanın ən qüdrətli ölkələri bu imkandan maddi və mənəvi faydalanmaq üçün dəfələrlə cəhdlər göstərirlər. Bakının iddiaçı şəhərlər sırasında yenidən yer alması ölkəmizin bu prosedurlarda təcrübə qazanaraq Olimpiya Oyunlarına nəhayət, ev sahibliyi edəcəyinə inam hissini artırır. Əlbəttə, bu proseslərdə dövlətimizin Olimpizmə verdiyi dəyəri və ölkəmizin potensialını beynəlxalq idman ictimaiyyətinə çatdırmaqla Bakı, Olimpiya Hərəkatının dəstəyi ilə təsis edilən ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu qazanır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Respublikamızda “İdman İli” elan edilmış 2012-ci il London Olimpiya Oyunlarında əldə edilən möhtəşəm qələbələr və Avropa Oyunlarını təşkil etmək şərəfinə nail olmaq kimi ciddi nailiyyətlərlə xalqımızın idman tarixinə yazılır.

Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin buna ən yaxşı əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə alaq ki, Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Çünki bu möhtəşəm yarışlarda uğurlu çıxış etmək üçün dünyanın bütün ölkələri böyük səy göstərir, idmançılar öz karyeralarının ən ümdə xəyallarını məhz Olimpiya Oyunlarında hər hansı bir mükafat əldə etməklə bağlayırlar. Azərbaycan müstəqillik dövründə Olimpiya Hərəkatında özünü davamlı inkişafa qadir bir dövlət kimi nümayiş etdirmişdir. Olimpiya Oyunlarında müstəqil dövlət kimi çıxış etmək imkanı əldə edəndən sonra Atlanta Olimpiadasından (1996) bir Olimpiya medalı ilə (Namiq Abdullayev, sərbəst güləş, gümüş medal) başlayan uğurumuz sonuncu XXX Yay Olimpiya Oyunlarında (London, 2012) on medala çatdı. 53 idmançı ilə 15 idman növündə mübarizəyə qoşulmuş Olimpiya milli komandamız iki qızıl, iki gümüş və altı bürünc medalla London Oyunlarında ümumi hesabda 30-cu yerdə qərarlaşdı. Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya qəhrəmanlarına çevrildi. Onlar Oyunların mükafatlarını qazanan digər olimpiyaçılarımızla - Rövşən Bayramov, Mariya Stadnik, Valentin Xristov, Emin Əhmədov, Yuliya Ratkeviç, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Xetaq Qazyumov ilə birgə xalqımızın idman şərəfini bir daha ləyaqətlə qoruyaraq, öz adlarını Azərbaycan tarixinə, Azərbaycanın adını isə Olimpiya tarixinə şərəflə yazdırdılar.

Olimpiyaçılarımızın bu möhtəşəm qələbəsinin ardınca xalqımız paralimpiyaçı idmançılarımızdan yüksək nəticələr göstərirdi. Bu belə də oldu. Heyətindəki 21 nəfər ilə 6 idman növündə London Paralimpiya Oyunlarında çıxış edən milli Paralimpiya komandamız vətənə on iki medalla döndü. Bu medallarda dördü qızıl, beşi gümüş, üçü isə bürünc medal idi. London Paralimpiya Oyunları tarixinə adını beş medalla (üzgüçülük, bir qızıl və dörd gümüş) yazdıran Natali Pronina, Londonda Paralimpiya çempionu adını qazanan cüdoçularımız Afaq Sultanova və Ramin İbrahimov, Afina Paralimpiya Oyunlarının çempionu və Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir qızıl və bir bürünc (estafet, komanda) medala sahib olan atletimiz Oleq Panyutin, Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir gümüş və bir bürünc (estafet, komanda) mükafat qazanan yüngül atlet Vladimir Zayets, Afina və Pekin Paralimpiya Oyunlarının çempionu və London Paralimpiya Oyunlarının bürünc mükafatçısı İlham Zəkiyev, uzunluğa tullanmada bürünc mükafat əldə edən Hüseyn Həsənov, atletikanın estafet yarışlarında Vladimir Zayets və Oleq Panyutinlə birgə bürünc mükafatı qazanan Elçin Muradov və Rza Osmanov öz iradələri və əzmkarlıqları ilə Azərbaycan dövlətinin idmanın inkişafına yönəltdiyi böyük qayğıya cavab olaraq həmvətənlərinə sevinc, fiziki məhdudiyyətli insanlara isə böyük ruh yüksəkliyi bəxş etdilər.

Beynəlxalq Olimpiya Komitəsi olimpiya hərəkatının daha da genişləndirilməsi məqsədilə Yay Olimpiya Oyunları (I Müasir Olimpiya Oyunları - Afina 1896, Yunanıstan) və Paralimpiya Oyunları (I Paralimpiya Oyunları – Roma 1960, İtaliya) ilə yanaşı Qış Olimpiya Oyunları (I Qış Olimpiya Oyunları - Şamoni 1924, Fransa), Qış Paralimpiya Oyunları (I Qış Paralimpiya Oyunları - Ernşeldsvik 1976, İsveç), Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları (Yeniyetmələrin I Yay Olimpiya Oyunları – Sinqapur 2010, Sinqapur Respublikası, Yeniyetmələrin I Qış Olimpiya Oyunları – İnsbruk 2012, Avstriya), eləcə də Xüsusi Olimpiya Oyunları (intellektual əlilliyi olan insanlar üçün, I Xüsusi Olimpiya Oyunları - Çikaqo 1968, ABŞ), Deflimpiya Oyunlarını da (eşitmə əlilliyi olan atletlər üçün, I Deflimpiya Oyunları - Paris 1924, Fransa) təşkil edir.

Azərbaycan Milli Olimpiya Komitəsi də Olimpiya Oyunlarında idmançılarımızın iştirakını təmin etməklə yanaşı, olimpiya hərəkatının digər istiqamətlərinin inkişafına da xüsusi diqqət göstərir.

Qış Olimpiya Oyunlarının inkişafı xüsusi təbii iqlim şəraiti tələb edir və bu, ölkəmizin bütün regionları üçün heç də xarakterik deyildir. Buna baxmayaraq, Azərbaycanın şimal bölgəsində qış idman növlərinin inkişafı üçün xüsusi idman kompleks tikilmişdir və qış idman növlərinin inkişafına yönəlmiş maddi-texniki baza hazırda daha da genişlənməkdədir. Ölkəmiz 1998-ci ildə ilk dəfə XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunmuş (Naqano, 1998, Yaponiya) və sonrakı dövrlərdə də (XIX Qış Olimpiya Oyunları - Solt Leyk 2002, 4 idmançı; XX Qış Olimpiya Oyunları - Turin 2006, 2 idmançı; XXI Qış Olimpiya Oyunları - Vankuver 2010, 2 idmançı) davamlı olaraq iştirak etməkdədir.

2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları inamlı qələbə qazanmağa müvəffəq olmuşlar. 12 idmançı ilə 6 idman növündə mübarizə aparan yeniyetmə idmançılar vətənə 8 medalla dönmüşdülər. Bu medallardan beşi qızıl, üçü isə gümüş medal idi. Olimpiya tarixində ilk dəfə təşkil edilən bu yarışlarda gənc idmançılarımızın möhtəşəm uğuru Azərbaycan idmanının böyük potensialı olduğunun daha bir sübutudur.

Azərbaycandan yarışlarda sərbəst, Yunan-Roma və qadın güləşində 5, boks üzrə 3, cüdo, taekvondo, ağırlıqqaldırma və kanoe növlərində isə 1 idmançı iştirak etmişdir. Murad Bazarov, Elman Muxtarov, Patimat Baqometova, Nicat Rəhimov, Əli Maqomedabirov, Kənan Quliyev, Salman Əlizadə və Elvin İsayev Yeniyetmələrin Olimpiya Oyunlarının qəhrəmanlarına çevrilmişlər. Dövlətimizin başçısı İlham Əliyev gənc idmançıları qəbul edərək, onların nailiyyətlərini çox yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyev bu heyətdə bölgələrdən idmançıların təmsil olunmasını xüsusi fərəhləndirici hal olduğunu vurğulamışdır. Bu nailiyyət bölgələrdə sağlam həyat tərzinin təşkili üçün dövlət tərəfindən görülən müvafiq tədbirlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman haqqında qanunun 16-cı maddəsinin 16.1 bəndində deyilir:

“Ölkədə paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları müvafiq olaraq beynəlxalq paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatlarının tərkib hissələri olub, məqsədləri sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idmanının inkişafına dəstək vermək, bu sahələrdə əməkdaşlığı möhkəmləndirmək, paralimpiya, deflimpiya, xüsusi olimpiya oyunlarında iştirak etmək və uğur qazanmaqdır”.

Azərbaycan Milli Paralimpiya Komitəsi ilə yanaşı, ölkəmizdə Xüsusi Olimpiya Komitəsi də (1992-ci ildə dövlət qeydiyyatından keçmişdir) fəaliyyət göstərir ki, bu təşkilat ölkədə əqli məhdudluğu olan insanların idman fəaliyyətinin təşkili məsələlərini həyata keçirir.

1993-cü ildən beynəlxalq Xüsusi Olimpiya Hərəkatına qoşulan Milli Xüsusi Olimpiya Komitəsi ötən illər ərzində ölkə idmançılarının Ümumdünya Xüsusi Yay və Qış Olimpiya Oyunlarında, eləcə də digər mötəbər beynəlxalq yarışlarda uğurlu iştirakını təmin edə bilmişdir. Xüsusi olimpiyaçılarımız üzgüçülük, atletika, badminton, basketbol, həndbol, stolüstü tennis, futbol, döşəməüstü xokkey və poverliftinq idman növləri ilə məşğul olur, idman vasitəsilə öz potensiallarını nümayiş etdirir, dostluq əlaqələri qurur və cəmiyyətə inteqrasiya olunurlar. Xüsusi Olimpiya Komitəsi 2010-cu ildən UNİCEF ilə əməkdaşlığa başlayaraq, xüsusi layihələr vasitəsilə regionlarda da əqli imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların idman bölmələrinə cəlb edilməsinə, idmanla müntəzəm məşğul olmasını təmin etməyə çalışır.

Azərbaycan idmançılarının Olimpiya Hərəkatında iştirakı tarixi XX əsrə təsadüf etsə də, Azərbaycanda fiziki tərbiyənin mənəvi, ümumbəşəri dəyərlər əsasında inkişafı çox qədim tarixə malikdir.

Xalqımız igidlik və qəhrəmanlıq məfhumlarını hər zaman fiziki güc, çeviklik və müxtəlif məharətlərin şərəf, ədalətlilik, vicdan anlayışları ilə birgə mövcudluğu kimi qəbul etmişdir. Zəifə amal, güclüyə dəyər vermək, fiziki qüvvəni ağıl və vicdanla birgə uzlaşdıraraq istifadə etmək xalq qəhrəmanlarımızın əsas xarakterik xüsusiyyətlərindəndir.

Əlbəttə, Olimpizm - ümumbəşəri dəyərlərə söykənən humanist fəlsəfə kimi xalqımıza çox yaxındır. Dünya xalqlarının əmin-amanlıq şəraitində birgə, firavan yaşaması üçün bu konsepsiyanın böyük əhəmiyyəti vardır. Olimpizm həyat boyu öyrənilən (o cümlədən, öyrədilə və tərbiyə edilə bilən), cəmiyyəti, həyatı daha da gözəlləşdirməyə yönəlmiş bir ideologiyadır. Olimpizmin fundamental prinsiplərində deyilir:

Olimpizmin məqsədi, şəxsiyyətin ləyaqətini qorumağa qadir olan sülhsevər cəmiyyətin yaradılması üçün idmanı insanın harmonik inkişafına xidmət etməyə yönəltməkdən ibarətdir”.

Səlhət Abbasova

fəlsəfə doktoru,

Fəxri Bədən Tərbiyəsi İşçisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Yaşıl dünyamız gözlərə nur verən elmin işığında

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək