İQTİSADİYYAT
Azərbaycanda “Portmanat SMS” adli yeni mobil ödəniş sistemi istifadəyə verilib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan mobil ödənişlər bazarında daha bir sistem istifadəyə verilib. “Portmanat SMS” adlanan xidmət istifadəçilərin əməliyyatlarını artıq SMS vasitəsi ilə də həyata keçirməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, “Portmanat” hesabına daxil olmadan müvafiq əmrləri mobil telefon vasitəsilə 9889 qısa nömrəsinə göndərərək qeyd olunan xidmətlərdən yararlanmaq olar. Bu xidmətlər arasında hesab açmaq, balans artırmaq, balansı öyrənmək, ödəniş etmək, SMS xidmətləri barədə məlumat almaq və s. mövcuddur.
Qeyd edək ki, hazırda SMS xidməti yalnız “Azercell” abunəçiləri üçün mümkündür, lakin tezliklə “Bakcell” və “Nar” abunəçiləri də bu xidmətdən yararlana biləcəklər. İstifadəçilər sistem vasitəsi ilə “Portmanat.az” hesablarında qeydiyyatda olan mobil nömrələri ilə SMS göndərə bilərlər. Bu arada SMS üçün çıxılan məbləğ adi SMS dəyərindədir.
“Portmanat” gündəlik istifadə edilə biləcək elektron pul qabıdır. Hər bir kəsin internet və ya mobil telefon vasitəsilə gündəlik ödənişləri rahatlıqla həyata keçirməsinə imkan yaradır. İstənilən operatora aid mobil nömrəsi olan hər bir şəxs sadəcə öz nömrəsi ilə qeydiyyatdan keçib “Portmanat” elektron pulqabı hesabı yaratma imkanına sahib ola bilər.
Hesab açmadan qeydiyyatsız ödəniş etmək istəyənlər elektron vauçer olaraq fəaliyyət göstərən “Portmanat” Kod (əvvəlki Netmoney) xidmətindən istifadə edə bilər. Daha ətraflı məlumatı “http://www.portmanat.az” saytından əldə etmək olar.