CƏMİYYƏT


Azərbaycanda Ramazan bayramı qeyd olunur  VİDEO

Bakı, 26 iyun, AZƏRTAC

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir. Quranda yazılır: "Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun".

Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, bizdən əvvəlkilərə də buyurulmuşdur".

AZƏRTAC xəbər verir ki, on bir ayın soltanı olan Ramazan bayramı Azərbaycanda da geniş şəkildə qeyd olunur. Belə ki, bu gün və sabah xalqımız bu müqəddəs bayramı qeyd edəcək.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasında bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə mayın 27-nə təsadüf edib. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayıb.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Fətvaya görə, Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - iyun ayının 26-na təsadüf edib.

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən, 2017-ci ildə Ramazan bayramı iyunun 26-sı və 27-də qeyd olunur.

Bu gün saat 08.00-da Əjdərbəy, saat 09.00-da isə Təzəpir məscidində bayram namazı qılınacaq.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində müsəlmanlar bayram namazını iyunun 25-də qılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.