REGİONLAR


Azərbaycanda “SOCAR” brendi ilə sayca 21-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

A+ A

Bakı, 8 iyul, Nihad Budaqov, AZƏRTAC

İyulun 7-də Hacıqabul rayonunun Pirsaat qəsəbəsində “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus “SOCAR” brendi ilə sayca 21-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli AZƏRTAC-a bildirib ki, yüksək standartlara cavab verən və orijinallığı ilə diqqəti cəlb edən yanacaqdoldurma məntəqəsində nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kolonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq olunub.

Yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi mərasimində iştirak edən “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov bu münasibətlə əməkdaşları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Bir neçə il əvvəl Prezident İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”, – bu fikirlərini xüsusilə vurğulayan T.Seyidov qeyd edib ki, həmin prinsiplərə dayanaraq respublikada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsi aktiv şəkildə genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 60 nəfər işçi çalışır.

“SOCAR PETROLEUM” QSC-nin baş direktoru əməkdaşların qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəyinə, öhdəliklərə daim məsuliyyətlə yanaşacağına və etimadı doğruldacaqlarına əminliyini ifadə edib.

Sonra tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə tanış olub, eyni zamanda, YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq edilmiş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlar barədə məlumatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.