SİYASƏT
Azərbaycanda “Xatirə estafeti” aksiyası keçirilib
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Xatirə estafeti” aksiyası keçirilib. “Xatirə estafeti” Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində dünyanın bir çox ölkələrində keçirilir. Azərbaycanda estafet ordu generalı, Rusiya Dövlət Dumasının deputatı Mixail Moiseyevin başçılıq etdiyi I dərəcəli Ümumrusiya Vətən müharibəsi ordenli “Rusiya Veteranlar İttifaqı” ictimai təşkilatının və general-mayor Dadaş Rzayevin başçılıq etdiyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası tərəfindən təşkil olunub.
RİMM-dən AZƏRTAC-a bildiriblər ki, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin dəstəklədiyi aksiyada veteranlar, ölkəmizdəki həmvətənlər təşkilatlarının və gənclər strukturlarının nümayəndələri, habelə Rusiyanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Vladimir Çernenko iştirak edib.
Rusiyanın Əməkdar mədəniyyət işçisi Boris İzmaylov və bu ölkənin Əməkdar Artisti Marina Yakovleva aksiyada iştirak etmək üçün Moskvadan gəliblər. B.İzmaylov “Onların hünəri əbədidir” kitab-fotoalbomun müəllifidir. Böyük Vətən müharibəsində sovet xalqının ağır itkilərinin təkzibedilməz sübutlarını ehtiva edən bu tarixi məcmuənin azərbaycanlı iştirakçılar üçün təqdimatı keçirilib. Bu amansız müharibə dünyanın müxtəlif ölkələrindən on milyonlarla insanın həyatını məhv edib. Adıçəkilən kitabda yer alan faktlar göstərir ki, Rusiyada yerləşən təqribən 25 min məzarlıqda dörd milyonadək sovet əsgərinin qalıqları uyuyur. Azərbaycan ərazisində doqquz əsgər məzarlığı var. Burada Böyük Vətən müharibəsində vuruşan iki mindən çox əsgər uyuyur.
Aksiya iştirakçılarına şiddətli döyüşlərin getdiyi bir çox ölkələrin ərazilərindəki əsgər memorialları və abidələr haqqında kino və fotosənədlər təqdim edilib.
Aktrisa Marina Yakovleva Böyük Vətən müharibəsi haqqında çoxlu sayda filmdə çəkilərkən keçirdiyi hissləri salondakılar ilə bölüşüb. O, Konstantin Simonovun müharibə mövzusunda şeirlərini oxuyub, hərbi mahnılar ifa edib.
B.İzmaylov Rusiya Veteranlar İttifaqının tapşırığı və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının təqdimatı əsasında bir sıra veteranlara ictimai mükafatlar - Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə təsis olunmuş xatirə medalları təqdim edib. Tədbir iştirakçılarını salamlayan Veteranlar Şurası sədrinin müavini Cəlil Xəlilov Azərbaycan və Rusiya veteranlarına minnətdarlıq dolu sözlərlə müraciət edib.
B.İzmaylov “Onların hünəri əbədidir” kitabının bir nüsxəsini RİMM-in kitabxanası üçün “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisova təqdim edib.