CƏMİYYƏT
Azərbaycanda anaların yalnız 12 faizi körpələri ilk 6 ay ərzində ana südü ilə qidalandırır
Bakı, 29 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyi və UNICEF-in birgə təşkilatçılığı ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ana südü ilə qidalandırmanın təbliği məqsədilə tədbir keçirilib.
UNICEF-in ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gənc analar, həkim personalı və UNICEF-dən dəvət olunmuş beynəlxalq ekspert Glen Laverackı iştirak edib.
Tədbirdə iştirak edən həkimlər ana südünün körpələr üçün əhəmiyyətindən məlumat veriblər. Tibbi cəhətdən sübut olunub ki, təbii qidalanma ilə böyüyən uşaqlarda, süni qidalanan uşaqlara nisbətən raxit, anemiya, disbakterioz, ağciyər iltihabı, kəskin respirator xəstəliklər və digər infeksion xəstəliklər daha az rast gəlinir. Ana südü ilə qidalana bilməyən uşaqlar süni qidadan immunoqlobulinlər ala bilmədikləri üçün xəstəliklərə qarşı daha həssas olurlar və peyvəndləri bir qədər çətin keçirirlər. Ananın körpəyə süd verməsi körpəyə inanılmaz dərəcədə güc-qüvvət, sağlamlıq və enerji verir. Amma süd verən qadının özü də bu proses zamanı daha tez sağalır. Çünki doğuşdan dərhal sonra qadın körpəsini əmizdirməyə başlasa, doğuşdan sonra çox vaxt baş verən təhlükəli qanaxmalar heç vaxt olmur. Bildirilib ki, bütün hamilə qadınların orqanizmində hamiləlik müddətində gələcək körpəsini əmizdirə bilməsi üçün proseslər gedir. Buna görə də hər bir ana əmizdirmə qabiliyyətinə malikdir. Mütəxəssislər bildirirlər ki, süni yollarla südün kəsilməsinə cəhd etmək orqanizmdə qarşısıalınmaz fəsadlar yarada bilər. Körpələrini əmizdirən qadınlarda süd vəzisi xərçəngi əmizdirməyən qadınlara nisbətən 25 faiz daha azdır.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda anaların yalnız 12 faizi körpələri dünyaya gəldikdən sonra ilk 6 ay ərzində onları yalnız ana südü ilə qidalandırır.
Körpəsini əmizdirən qadınlar daha tez arıqlamaq imkanı əldə edə bilirlər. Çünki süd verən analar gündə 500 kalori xərcləyirlər. Əmizdirmə anada yumurtalıq xərçəngi riskini xeyli azaldır. Üstəlik, əmizdirmə arzuolunmaz hamiləlikdən qoruyur. Dünya Səhiyyə Təşkilatının bir araşdırmasına əsasən, körpəsini əmizdirən qadınlar əmizdirməyənlərə nisbətən daha qamətli, sağlam və uzunömürlü olurlar.