İQTİSADİYYAT
Azərbaycanda “analoq” və “rəqəmli” yayım teletamaşaçılarını əhatə edən yeni platforma fəaliyyətə başlayacaq
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanda “analoq” və “rəqəmli” yayım teletamaşaçılarını əhatə edən yeni platforma fəaliyyətə başlayacaq.
Ənənəvi analoq yayımın tamaşaçılarından başlayaraq kabel şəbəkələri və OTT-platformalarındakı “rəqəmli” abunəçilərə qədər bütün televeriliş izləyicilərinin ölçülməsini əhatə edəcək yeni teleölçmə platforması KATV1 SMART-ın “Myvideo.az” ilə birgə əməkdaşlığı çərçivəsində işə başlayacaq.
İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeni platformanın işə başlaması Azərbaycanda fəaliyyət göstərən teleölçmə avadanlığının yalnız analoq yayımını dəstəkləməsi və dekabrın 1-dən həmin avadanlığın istifadəsinin qeyri-mümkün olacağı ilə bağlıdır.
Yeni platforma 5 min ev təsərrüfatında seyr edilən 100 xarici və 12 milli telekanalı təhlil etməyə imkan verəcək. Bu platforma kabel operatorun (OTT daxil olmaqla) Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindəki abunəçilərini əhatə edəcək.
İstifadəçinin demoqrafik təsvirini yaratmaq üçün əlavə olaraq sosial sorğulardan, anketləşmədən, həmçinin KATV1-in müasir çağrı mərkəzinin yardımı ilə müvafiq telefon sorğularından istifadə olunacaq. Daha dəqiq məlumat əldə etmək üçün bütün bu üsullar birlikdə istifadə olunur.
Teleseyrin monitorinqi KATV1 şirkətinə öz operator xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi, həmçinin abunəçilərin tələblərinə əsasən, teleproqram paketlərinin yenilənməsi üçün gərəkdir.
Artıq bu gün “Myvideo.az”da real zaman rejimində statistikaya əsasən, bu və ya digər resursun məşhurluğunu dəqiqliklə müəyyənləşdirmək və onun kontentinin tələb səviyyəsini qiymətləndirmək olar. Əldə edilmiş məlumat tamaşaçıların tələbatını qarşılayan TV-paketlərin formalaşdırılması üçün istifadə olunur.