ELM VƏ TƏHSİL
Azərbaycanda aparılan arxeoloji qazıntıların nəticələri yapon alimlərində maraq doğurub VİDEO
Tokio, 16 may, AZƏRTAC
Azərbaycanın Tovuz rayonunda və Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji qazıntıların nəticələri barədə Yaponiyanın Tokio Universitetində təşkil edilən “Qafqaz neoliti” adlı seminar və arxeoloji materiallardan ibarət sərgi yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi və seminarın Tokio Universiteti Muzeyinin yaradılmasının 20 illik yubiley tədbirləri ilə eyni vaxta təsadüf etməsi həmin araşdırmalarla daha geniş elmi və ictimai auditoriyanın tanış olmasına şərait yaradıb. Yubiley tədbirində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiyası İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev muzeyin nəzdində yaradılmış yeni laboratoriyanın radiokarbon analizlərin aparılmasında mühüm rol oynayacağını bildirib.
Ertəsi gün Azərbaycan və Yaponiya arxeoloqlarının birgə araşdırmalarına həsr olunmuş elmi seminarı açan Tokio Universitetinin professoru Yoşihiro Nişiaki bildirib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiyası İnstitutu 2008-ci ildən etibarən Tovuz bölgəsində Yaponiyanın Tokio Universiteti ilə birlikdə neolit dövrü (e.ə.VI minillik) tayfalarının məskunlaşma prosesləri mövzusunda arxeoloji araşdırmalar aparır. Həmin tədqiqatların nəticələrini yüksək qiymətləndirən professor, onların elmi əhəmiyyətini xüsusi vurğulayıb. Seminarda Naqoya Universitetinin professoru Seyci Kodavaki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri Fərhad Quliyev və Səfər Aşurov məruzələrlə çıxış ediblər.
Məruzələrdə müştərək beynəlxalq tədqiqatlar zamanı Göytəpə və Hacıəlləhmanlı arxeoloji komplekslərindən tapılmış maddi mədəniyyət nümunələrinın əsasında ən qədim dövrdə Azərbaycanda və ümumən regionda neolit dövrü mədəniyyətinin mənşəyi və yayılması ilə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, burada ən qədim erkən neolit kəndlərinin xronoloji çərçivəsinin təyin olunması ilə bağlı 50-dən çox radiokarbon analiz aparılıb və dünyanın nüfuzlu elmi jurnallarında məqalələr dərc olunub.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Səfər Aşurovun məruzəsi isə son araşdırmaların fonunda Kür-Araz ilk tunc dövrü mədəniyyətinə həsr edilib. Məruzədə Kür-Araz ovalığı boyunca yerləşən tayfaların yaratdığı mədəniyyətin Azərbaycanda və ümumən Qafqazda, həmçinin Orta Şərqdə geniş yayılması barədə məlumat verilib. Naxçıvanda aparılan araşdırmalar nəticəsində qeyd olunan mədəniyyət abidələrinin digərlərindən fərqliliyi və daha erkən mərhələyə aid olduğu vurğulanıb.
Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə fikirlərini bölüşən Naqoya Universitetinin professoru Seici Kadovaki bildirib ki, bu tədqiqatlar əkinçilik mədəniyyətinin Ön Asiyadan bütün dünyaya yayılması mexanizmini başa düşmək üçün böyük əhəmiyyətə malikdir. Aparılan qazıntılar həmin dövr insanlarının yaşayış tərzi, mövcud tikililər, əkinçilik alətləri, qida məhsulu kimi istifadə olunan heyvanlar və bitkilər haqqında çox zəngin məlumatlar əldə etmək imkanı yaradır. Qazıntı materiallarının elmi analizi sübut edir ki, ərazidə çox qədim sivilizasiya mövcud olub və bu, araşdırmaların əhəmiyyətini xeyli artırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio