İQTİSADİYYAT


Azərbaycanda aparılan iqtisadi islahatlar Dünya Bankı tərəfindən dəstəklənir

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvin ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Şahin Mustafayev nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyini qeyd edib, “Doing Business” hesabatında Azərbaycanın yerinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, Azərbaycan ilə Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir və bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təsərrüfatı və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə birgə həyata keçirilən bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, "Abşeron göllərinin bərpası" layihəsinə hazırlıq üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır. Ümumilikdə, Dünya Bankı ilə birgə 40 layihə icra olunub, 11 layihə üzrə işlər davam etdirilir.

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycanın yoxsulluğun azaldılması sahəsində regionda ən yüksək göstəriciyə nail olduğunu vurğulayıb.

Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvin Dünya Bankının ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.