ELM VƏ TƏHSİL
Azərbaycanda aparılan palinoloji tədqiqatların nəticələri beynəlxalq elmi konfranslarda müzakirə edilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclasında paleontologiya və stratiqrafiya şöbəsinin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramovanın “Azərbaycanda palinoloji tədqiqatların əhəmiyyəti və perspektivliyi” mövzusunda məruzəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, palinologiya elmi istiqamətinin Azərbaycanda inkişaf etdirilməsi, regionun mezokaynozoy çöküntülərində nanoplankton, dinoflaqellyat və sportozcuqların kompleks şəklində tədqiqatlarının aparılması, stratiqrafik zonaların ayrılması, biozonaların paleocoğrafi şəraitlərinin və bitki örtüklərinin təsvir olunması, karbohidrogenlərin və digər faydalı qazıntıların axtarışı və hasilatı zəruridir.
Məruzəçi bildirib ki, Azərbaycanda aparılan palinoloji tədqiqatların nəticələri bir sıra monoqrafiya və məqalələrdə, dissertasiya işlərində dərc olunub, respublikamızda, Almaniya, İtaliya və Argentinada elmi konfranslarda müzakirə edilib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra elmi şuranın qərarı ilə qəbul edilib.
Sonra AMEA-nın müxbir üzvü Çingiz Əliyev Rəyasət Heyəti tərəfindən dəstəklənən “Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması” kompleks proqramının yekun nəticələrinə dair çıxış edib.
İclasda, həmçinin cari ildə aparılan araşdırmaların nəticələri müzakirə olunub.
Akademik Hətəm Quliyev bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş "Nəzəri və tətbiqi fizikanın ön cəbhəsi" adlı beynəlxalq konfransda iştirakı haqqında danışıb.
İnstitutun hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin böyük elmi işçisi Tofiq Rəşidovun dissertasiya işinin adının qismən dəyişdirilməsi təklif olunub.
İclas struktur dəyişikliklərinin müzakirəsi ilə yekunlaşıb.