İDMAN
Azərbaycanda birinci Avropa Oyunları zamanı qida və su təhlükəsizliyi tam nəzarətdə saxlanılacaq
Bakı, 22 may, AZƏRTAC
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınmasını daim nəzarətdə saxlayır. Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə isə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun yerlərdəki şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Məlumdur ki, ilk Avropa Oyunlarının keçiriləcəyi günlərdə ölkəmizə kütləvi şəkildə turist axını olacaq. Turistlərə istehlak ediləcək qidaların təhlükəsizliyini qorumaq isə çox vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Z.Kazımov bildirib ki, artıq su və qida məhsullarının təhlükəsizliyi məqsədilə Mərkəzə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar gətirilib. Bununla yanaşı, Oyunların keçiriləcəyi müddətdə su və qida məhsullarının təhlükəsizliyi məsələsinə nəzarət edəcək məsul şəxslər də müəyyənləşdirilib. Onlar Oyunlarda iştirak edəcək idmançılar, tamaşaçılar, media işçiləri və digər rəsmi qonaqların təhlükəsiz qidalarla təmin olunmasına tam nəzarət edəcəklər. Zərurət yaranarsa dezinfeksiya işləri də həyata keçiriləcək.
Onun sözlərinə görə, Mərkəz tərəfindən artıq 14 nəfər bu işə cəlb olunub. Eyni zamanda, istənilən məhsulun yerindəcə müayinəsi üçün laboratoriyalar hazırlanıb. Hazırda istehsal və iaşə müəssisələrində monitorinqlər davam etdirilir.
Şöbə müdiri onu da deyib ki, ilk Avropa Oyunları yay mövsümündə keçirildiyindən qonaqların çimərliklərə də üz tutması labüddür. Buna görə indidən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Xəzər dənizində su nümunələrinin monitorinqinə başlayıb. Hazırda monitorinqlər Abşeron yarımadasında davam etdirilir. Regionların monitorinqi isə Mərkəzin cənub-şimal zonasının əməkdaşlarının iştirakı ilə aparılacaq və nəticələr barədə məlumat veriləcək.