CƏMİYYƏT


Azərbaycanda bu il 5 bəbir balası doğulub

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Hirkan Milli Parkı ərazisində 2016-cı ilin payız aylarında ana bəbirin 2 balası ilə fotoşəkli qeydə alınıb. Fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası üçün keçirdiyi layihə çərçivəsində quraşdırılmış fototələlər vasitəsilə əldə etmək mümkün olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hirkan Milli Parkında bəbirlərin əsas qidasını yabanı donuz, cüyür və digər məməlilər (çaqqal, porsuq, tirəndazlar və s.) təşkil edir. Parkda bəbirlərin təbii artımı faktoloji olaraq ilk dəfə sübut edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında da bəbir ailəsi 3 balası ilə müşahidə olunub. Zəngəzur Milli Parkı yaradıldıqdan sonra ərazidə bəbirlərin əsas qidası hesab olan bezoar keçilərinin sayının bərpa olunması, nadir və nəsli kəsilməkdə olan yırtıcı növlərin sayına müsbət təsir edib. Park ərazisindəki güclü mühafizə rejimi və bol qida mənbəyi 3 balanın böyüməsinə şərait yaradıb.

Son bir neçə ildə artıq dəfələrlə qeydə alınan nadir fauna növlərinin görüntüləri faktı ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlərin bəhrəsidir. Eyni zamanda, xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasından və nəticə etibarilə bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iridırnaqlı heyvanların sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.