SİYASƏT
Azərbaycanda dinlərarası konsensus və dialoq dövlət siyasəti səviyyəsinə qaldırılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Artıq xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtında müxtəlif ölkələrdən siyasətçilərin, ictimai xadimlərin və ekspertlərin iştirakı ilə antisemitizm əleyhinə mübarizəyə dair “Gələcəyi qoruyaq” Birinci Moskva Beynəlxalq Konfransı keçirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasında çıxış edərək, Azərbaycanın yürütdüyü multikulturalizm və tolerantlıq siyasətindən ətraflı söz açıb.
Zəmanəmizdə antisemitizm, ksenofobiya, islamofobiya və terrorizm kimi mövzuların müzakirəsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayan M.Əliyeva deyib: “Müasir və güclü Azərbaycanın siyasəti tolerantlıq və multikulturalizm modeli üzərində qurulub. Azərbaycan xalqının tolerantlığı və multikulturallığı onun müxtəlif xalqların və konfessiyaların nümayəndələri ilə ümumi dil tapmasına kömək edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan sülh və sabitlik, xalqlar və konfessiyalar arasında əməkdaşlıq və qarşılıqlı anlaşma məkanıdır.
Bu gün “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasında çıxış edənlərin çoxu dünyanın bir çox dövlətlərindəki antisemitizmdən və şovinizmdən danışdılar. Antisemitizmin və ksenofobiyanın tüğyan etdiyi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt belə hallar olmayıb, yəhudi icması həmişə Azərbaycan cəmiyyətinin inteqral hissəsi olub”.
Odlar Yurdunda yetərincə nüfuzlu yəhudi icmasının yaşadığını diqqətə çatdıran M.Əliyeva deyib: “Burada yəhudilər həm öz milli bayramlarını, həm də Avropa yəhudilərinin faciəsi ilə bağlı Beynəlxalq anım gününü qeyd edirlər. Məsələn, sivil Fransada yəhudilər başlarına kipa qoymaqdan və yəhudi eyniyyətlərini göstərməkdən çəkinirlər. Azərbaycanda yəhudilər rahatca kipa qoyub, özlərini təhlükəsiz hiss edirlər. Azərbaycanda 7 sinaqoq, yəhudi dilində 2 orta məktəb və Yəhudi Evi fəaliyyət göstərir. Təsəvvür edin ki, müsəlman ölkəsində dövlət yəhudi icması üçün sinaqoq inşa edib. Ölkədə yaşayan bütün icmalar kimi, yəhudi icmasına da dövlət tərəfindən hər il maliyyə vəsaiti ayrılır. Bu, dünyada analoqu və presedenti olmayan bir faktdır”.
M. Əliyevanın sözlərinə görə, Azərbaycan və yəhudi xalqları həmişə dinc yanaşı yaşamağın parlaq nümunəsini nümayiş etdiriblər. O deyib: “Ölkəmizdə yəhudilər ictimai həyatın müxtəlif sahələrində fəal iştirak edirlər. Azərbaycanda dinlərarası konsensus və dialoq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu sahədə ikili standartlar yoxdur”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva deyib: “Multikulturalizm modelinin iflasa uğradığını açıq etiraf edən aparıcı Avropa ölkələrinin çoxundan fərqli olaraq, Azərbaycanda tolerantlıq və multikulturalizm Azərbaycan dövlətinin böyük sərvətidir və Azərbaycan xalqının sülhpərvər xarakterini üzə çıxarır. Bu model çoxmillətli dövlətlərdə etnosiyasi sabitliyin yaradılması üçün ən gözəl örnəkdir”.